Mikayıl Həsənli: Azərbaycanda yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər yetişib

İki il əvvəl ölkəmizdə keçirilən prezident seçkilərində növbəti dəfə xalqın etimadını qazanaraq böyük səs çoxluğu ilə qalib gələn İlham Əliyev andiçmə mərasimində yeni və dərin islahatların anonsunu vermiş, sonrakı çıxışlarında dəfələrlə Azərbaycanın öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu ifadə etmişdi. Bunun nəticəsidir ki, 2018-ci ildən başlayaraq Azərbaycanımızın inkişafı naminə dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələrdə dərin və mütərəqqi islahatlar həyata keçirilir. Bu islahatlar çərçivəsində dövlət idarəçiliyində də gəncləşdirmə siyasəti aparılır, gənclərə yüksək etimad göstərilir.

Bunu “Gənc Nəslin Maarifləndirilməsi” İctimai Birliyinin sədri Mikayıl Həsənli SİA-ya açıqlamasında deyib.
M.Həsənli bir neçə gün əvvəl Kürdəmir “ASAN Həyat” kompleksinin açılış mərasimində gənclərlə görüşən Prezident İlham Əliyevin ölkəmizdə yüksək intellektual səviyyəyə malik, Vətənə bağlı, milli düşüncəyə sadiq, dərin bilikli gənclərin olduğunu bir daha ifadə etdiyini xatırladaraq deyib: “Dövlətimizin başçısının Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllülük hərəkatının aparıcı qüvvəsi olan gənclərimizə göstərilən diqqətin bariz nümunəsidir. Milli dəyərlərimizə, mədəniyyətimizə xas olan xeyirxah əməllər bu gün könüllülük fəaliyyəti kimi davam etdirilir. Könüllülük hərəkatı ölkənin bütün sahələrini əhatə edərək geniş vüsət alıb. Ölkəmizdə keçirilən ən mötəbər tədbir və yarışların təşkilini könüllülərsiz təsəvvür etmək mümkün deyil. Könüllülərin rolunu yüksək qiymətləndirən dövlətimizin başçısı Kürdəmirdə “ASAN Həyat” kompleksinin açılışında Azərbaycan könüllülərinin vətənpərvər, bilikli, istedadlı olduğunu, eləcə də ölkə gəncliyini və gənclərin istedadını təcəssüm etdirdiyini vurğulayıb, könüllü olmağın, əslində, milli xarakterimizə uyğun olduğunu ifadə edib”.
Son dövrdə ölkəmizdə bütün sahələrdə kadr və struktur islahatları çərçivəsində gənclərə də yüksək etimad göstərildiyini və onların məsul vəzifələrə təyin olunduqlarını vurğulayan İctimai Birliyin sədri qeyd edib: “Bu islahatlar bilavasitə xalqımızın rifah halının yüksəldilməsinə, gənclərimizə inamın artmasına, hakimiyyət və xalq arasındakı sarsılmaz birliyin daha da möhkəmlənməsinə xidmət edir. Biz gənclər bütün bu proseslərə biganə qalmamalı, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü siyasət aparan Azərbaycan Prezidentinin ətrafında daha da sıx birləşməliyik. Gənclər olaraq, bizə göstərilən etimadı doğrultmalı, dövlətçiliyimizin qorunması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində üzərimizə düşən məsuliyyəti anlayaraq, daim biliklərimizi artırmalı, Vətənimizə, dövlətimizə yüksək sədaqət nümayiş etdirməliyik. Yalnız bu halda Vətənimizə layiqli gənclər olaraq dövlətimizin güclənməsinə və ölkəmizin tərəqqisinə töhfə verə bilərik”.

Bütün xəbərlər Facebook səhifəmizdə