İş axtaranlar əmək münasibətlərinə daha tez cəlb olunacaq AÇIQLAMA

Prezidentin 13 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planında bildirilir ki, əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişiklik edilməsinə dair təkliflər verilsin, həmçinin layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələli şəkildə artırılmasına dair təkliflər hazırlanacaq. Bu sözləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Fazil Talıbov minimum əməkhaqqılarının mərhələli şəkildə artırılmasını əhatə edən tədbirlər planını şərh edərkən deyib.

O bildirib ki, 2020-2025-ci illər ərzində bu tədbirlər planının icrası istiqamətində müvafiq sahədə çox ciddi işlər həyata keçiriləcək, tədbirlər planında qeyd edilir ki, 2020-2025-ci illər ərzində, yəni ilbəil minimum əməkhaqqılarının artırılması istiqamətində təkliflər hazırlanıb aiidiyyatı üzrə təqdim olunacaq.

Fazil Talıbov minimum əməkhaqqılarının neçə faiz artırılacağı haqda isə hələ ki, məlumat verə bilməyəcəklərini bildirib:

"Bu haqda hələ ki, dəqiq bir məlumat vermək olmur. Ətraflı məlumat vermək üçün ilk növbədə təkliflər planı hazırlanıb təqdim olunmalıdır, daha sonra minimum əməkhaqqılarının neçə faiz artacağı haqda məlumat verə bilərik".

İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Dövlət Məşğulluq Agentliyinin öhdəsinə düşəcək iş planına da toxunub:

"Bizim məqsədimiz Dövlət Məşğulluq Agentliyinin funksional imkanlarının və agentliyin kadr ehtiyatının səriştəliliyinin artırılması, həmçinin işsiz və iş axtaran vətəndaşların daha operativ, çevik əmək münasibətlərinə cəlb olunması, onların məşğulluqla təmin edilməsi və məşğulluq proqramlarının keyfiyyətinin artırılması istiqamətində işləri gücləndirməkdir".

Qeyd edək ki, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” Prezidentin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə