"ASAN xidmət" yeniləşən Azərbaycanın yeni simasıdır

"ASAN xidmət" yeniləşən Azərbaycanın yeni simasıdır

Prezident İlham Əliyev: "Xalqımıza xas olan bütün müsbət əlamətlər, eyni zamanda, müasirlik, texnologiyalar, innovasiyalar "ASAN xidmət"də özünü büruzə verir"

Müasir dövrümüzdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm işlər görülüb. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və onun tabeliyində "ASAN xidmət" mərkəzləri xidmət göstərir ki, bu da, qısa müddətdə özünü doğruldub.

Bu gün Azərbaycanın müxtəlif məkanlarında "ASAN xidmət" mərkəzləri xidmət göstərir. Sayca 17-ci "ASAN xidmət" mərkəzi Kürdəmirdə istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılışında çıxışı zamanı vurğuladığı kimi, "ASAN xidmət" mərkəzləri ölkəmizdə çox ciddi müsbət dəyişikliklərə yol açdı: "Bu, bizim niyyətimizin, siyasətimizin təzahürü idi. Amma birinci mərkəzlər açılan zaman insanlara elə gəlirdi ki, bu, vətəndaşların rahatlığı üçün sadəcə, bir layihədir, xidmət layihəsidir. O vaxt bir çoxları bəlkə də dərk etmirdilər ki, bu, bir layihə deyil, bu, siyasətdir, hərəkatdır, bu, niyyətdir".

"ASAN XİDMƏT" MƏRKƏZLƏRİNİN FƏALİYYƏTİ VƏ BU MƏRKƏZLƏRDƏ HÖKM SÜRƏN NİZAM-İNTİZAM, MƏDƏNİYYƏT, DÜRÜSTLÜK HƏM AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ BÖYÜK YENİLİK VƏ İCTİMAİ XİDMƏTLƏR SAHƏSİNDƏ BİR İNQİLAB İDİ"

Müasir dövrümüzdə "ASAN xidmət" dünyaya nümunə olan modeldir. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan "ASAN xidmət" dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub. Fəaliyyətə başladığı vaxtdan "ASAN xidmət" mərkəzlərinə müraciətlər çoxalıb və onun vətəndaşlar tərəfindən bəyənilmə əmsalı daha da yüksəlir. Bu, 2019-cu ildə 99.3 faiz təşkil edib. Yeni istifadəyə verilən bu mərkəzdə yeni texnologiyalar və innovasiyalar tətbiq olunur. Bu, innovasiya, yeni fikrin və yeni yanaşmanın yaranması Azərbaycanın inkişafının göstəricisidir. Kürdəmirdə yeni istifadəyə verilən "Asan xidmət" mərkəzində əməkdaşların sayı 259, könüllülərin sayı isə 45 nəfər nəzərdə tutulur. Kompleksdəki regional "ASAN xidmət" mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 320 xidmət həyata keçiriləcək. Bu mərkəzdə Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 min 400-dən çox sakinlə yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstəriləcək. "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti və bu mərkəzlərdə hökm sürən nizam-intizam, mədəniyyət, dürüstlük həm Azərbaycan cəmiyyətində böyük yenilik və ictimai xidmətlər sahəsində bir inqilab idi, eyni zamanda, bu, mərkəzlərə müraciət edən vətəndaşlar üçün də gözlənilməz bir hal idi" - deyən Prezident İlham Əliyev ictimai xidmətlərin ölkəmizdə həmişə problemli bir sahə olduğunu bildirib: "İnsanlar məcbur olub günləri, həftələri itirərkən, bu və ya digər dövlət qurumuna müraciət edərkən öz haqlı tələbini təmin etmək üçün əziyyət çəkirdilər. Süründürməçilik, rüşvətxorluq, korrupsiya, mədəniyyətsizlik əfsuslar ki, ictimai xidmətlər sektoruna xas olan əlamətlər idi. İndi isə "ASAN xidmət" mərkəzlərində bunların biri də yoxdur. Eyni zamanda, "ASAN xidmət" mərkəzlərində yaranmış bu gözəl ab-hava ölkəmizin digər sahələrinə də müsbət təsir göstərir".

"ASAN XİDMƏT" MƏRKƏZLƏRİNİN FƏALİYYƏTƏ BAŞLAMASI, ƏSLİNDƏ, KÖNÜLLÜLƏR HƏRƏKATINA DA TƏKAN VERMİŞDİR"

"ASAN xidmət" mərkəzləri yerləşən regionlardakı Heydər Əliyev mərkəzlərində ASAN könüllüləri öz fəallığı ilə seçilirlər. "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması, əslində, Könüllülər hərəkatına da təkan vermişdir" - deyən dövlət başçısı bildirib ki, ancaq ondan sonra Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti çox geniş vüsət almışdır: "Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda, o cümlədən birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında könüllülər çox fəal rol oynamışlar və bu oyunların uğurla keçirilməsində böyük dərəcədə öz xidmətlərini göstərmişlər. Mən görürəm ki, indi Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti daha genişmiqyaslıdır. Həm vətənpərvərlik, ekoloji tarazlıq mövzularında keçirilən tədbirlərdə, həm də incəsənət, mədəniyyət və digər sahələrdə könüllülər çox fəaldırlar. Eyni zamanda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir."

Əlbəttə ki, dövlət başçısının dəstəyi və təşəbbüsü ilə Azərbaycanda könüllülük fəaliyyəti geniş şəkildə yayılıb. 15 nəfərlə fəaliyyətə başlayan "ASAN könüllülər" hərəkatının artıq 22 mindən çox məzun könüllüsü var. "ASAN xidmət" mərkəzlərində könüllülük fəaliyyəti iki mərhələdən ibarətdir. Birinci mərhələdə könüllülər müxtəlif sənədləşmə prosedurlarında, dövri rəy sorğularında, xidmətyönümlü təlimlərdə və mərkəzlərin ümumi fəaliyyətində yaxından iştirak edirlər. Növbəti mərhələdə isə onlar artıq öz ixtisaslarına uyğun olaraq müxtəlif təcrübələrə cəlb olunurlar. Könüllü gənclər xalqımıza, millətimizə heç bir maddi maraq güdmədən xidmət edir və xeyirxah əməlləri ilə diqqəti cəlb edirlər. Könüllülər üzərilərinə düşən vəzifəni, məsuliyyəti dərk edir və sosial, ictimai, mədəni, ekoloji tədbirlərində daha yaxından iştirak edirlər. Belə ki, bu günə qədər 8 mindən çox ASAN könüllüsü 5 mindən çox layihədə iştirak edib. O layihələrin əsas məqsədi Azərbaycançılıq ideologiyasının, Ulu Öndərin siyasi kursunun öyrədilməsi və öyrənilməsidir. Bundan başqa, mərkəzlərdə könüllülər vaxtlarını səmərəli keçirmək üçün digər təlimlərdə iştirak edirlər. Genişmiqyaslı layihələrdən "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsi, "Əsgərə məktub" kimi layihələr gənclərin vətənpərvərlik ruhunun artmasına xidmət edir.

"BİZİM STRATEJİ İNKİŞAF YOLUMUZ VAR - MİLLİ DƏYƏRLƏRİN QORUNMASI, MÜSTƏQİLLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİ..."

Bu gün könüllü gənclər "Əsgərə məktub", "ASAN məktub"la vətənpərvərlik hisslərin daha da artmasını xidmət edən layihələrlə yanaşı, "Yaşıl ASAN"la təbiətin keşiyində dayanıblar. Könüllülər cəmiyyətimizin, dövlətimizin inkişafında böyük rol oynayırlar. Vətənə olan sevgisini yüksək tutur, azərbaycanlı adını layiqincə daşımağa çalışırlar. "Ölkə maraqlarını müdafiə etmək üçün bir neçə önəmli amil lazımdır" - deyən Cənab Prezident bildirib ki, ilk növbədə, Vətən sevgisi, Vətənə və milli köklərə bağlılıq olmalıdır. Ölkəmizin gələcək taleyinin müasir, bilikli, istedadlı gənclərin əlində olacağını söyləyib: "... biz xalqımıza xas olan dəyərləri nəsildən-nəslə ötürməliyik, onları itirməməliyik, qorumalıyıq. İndiki şəraitdə bunu etmək o qədər də asan deyil. Çünki indi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır, - bu da müsbət haldır, - amma bununla bərabər dezinformasiya da heç bir sərhəd tanımır, feyk xəbər anlayışı 5-6 il bundan əvvəl mövcud deyildi. İndi bu, həqiqətdir və bunu etiraf edənlər dünyanın aparıcı ölkələrinin dövlət başçılarıdır. Onlar da bundan əziyyət çəkirlər. Media bir tərəfdən artıq bütün sərhədləri aşaraq hər bir ölkəyə qədəm qoyur və bu, müsbət haldır. Bildiyiniz kimi, Azərbaycanda da media azadlığı var, internet azaddır, heç bir senzura yoxdur. Digər tərəfdən, informasiya təxribatları, yalan məlumat, şər-böhtanla dolu məlumat da sərhədləri aşır. Biz buna hazır olmalıyıq, xüsusilə gənclər".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə