Bərdədə Səfərbərlik Xidməti əməkdaşlarının peşə bayramı qeyd edilib

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı rayon icra hakimiyyətinin təşkilatçılığı, Dövlət xidməti rayon şöbəsi əməkdaşlarının, hüquq mühafizə və ədliyyə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhər Bələdiyyəsinin iclas zalında qeyd edilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon şöbəsinin rəisi mayor Elbrus Bağırov Dövlət Xidmətinin keçdiyi qısa yoldan və Bərdə şöbəsinin fəaliyyətindən danışıb.
Daha sonra çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Vahid Qarayev Dövlət xidmətinin rayon şöbəsi əməkdaşlarının timsalında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edib, onlara dövlətə, orduya, xalqa xidmətdə yeni-yeni uğurlar arzulayıb.

Digər çıxış edənlər xidmət əməkdaşlarını təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıblar.

Tədbirin sonunda şöbənin bir neçə əməkdaşı rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə