Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100 %-ə yaxındır -AÇIQLAMA

Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100 %-ə yaxındır -AÇIQLAMA

“Hazırda 17 “ASAN xidmət” mərkəzi mövcuddur”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

E.Niftəliyev bildirib ki, onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı və ötən gün açılışı Prezident İlham Əliyevin iştirakı ilə gerçəkləşən Kürdəmirdədir: “Bu il, həmçinin Tovuz, Ağcabədi və Balakəndə “ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində iki, Sumqayıtda bir yeni, həmçinin Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb”.

E.Niftəliyev vurğulayıb ki, Mərkəzlərdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir: “Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100 %-ə yaxındır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə