Yeni Azərbaycan Partiyasının növbəti qələbəsi

Yeni Azərbaycan Partiyasının növbəti qələbəsi

Prezident İlham Əliyev: "Bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir"

Müstəqil Azərbaycanın dövlətçilik tarixində növbəti mərhələ olan 9 fevral parlament seçkiləri uğurla, demokratik və şəffaf keçirildi. Bu seçkilər hələ uzun müddət politoloqlar və siyasi şərhçilər tərəfindən təhlil ediləcək, seçkinin gedişatı və nəticələri haqqında fikir söylənəcək. Bütün hallarda, tək Azərbaycan üçün deyil, dünyanın bütün dövlətləri və xalqları üçün ən önəmli məqam düzgün seçim etmək və istər parlament, istərsə də digər seçkilərdə etimad göstərilən şəxsin müəyyənləşdirilməsində yanlışlığa yol verməməkdir. Dünyanın sivil idarəçilik qaydalarına əsasən, insanların sosial-iqtisadi münasibətlərinin tənzimləyicisi olan dövlətin düzgün yönləndirilməsi və bir neçə il ərzində, inkişaf xətti üzrə yüksəlməsi, məhz bu seçimlərdən asılı olur. Seçkinin keçirildiyi 9 fevral günü seçici fəallığının nəticələrinə əsaslanaraq, tam qətiyyətlə demək olar ki, Azərbaycan vətəndaşları öz seçimlərində səhv etməyiblər. Öncədən də gözlənildiyi kimi, Azərbaycan xalqı növbəti dəfə Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu və Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasına daha çox etimad və inam göstərdi. Əlbəttə, son illərin uğurlu iqtisadi-siyasi yüksəlişi, Azərbaycan Respublikasının dünyanın siyasi xəritəsində nüfuzlu mövqe qazanması fonunda xalqın təminatlı gələcək, xoş rifah və qüdrətli dövlət istəyi qarşısında başqa bir seçimi proqnozlaşdırmaq siyasi səbatsızlıq sayıla bilərdi.

"Seçkilər rəqabət şəraitində keçirildi və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildi"

Prezident İlham Əliyev 9 fevral parlament seçkilərini müşahidə edən Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı keçirilən seçkilərin önəmli olduğunu və bu seçkilərin Azərbaycanda aparılan islahatlara dəstək verdiyini bildirib: "Doğrudan da, bu seçkilər çox önəmli idi. Çünki bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və növbəti seçkilərin keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin".

Dövlət başçısı bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacağını qeyd edib: "Çünki bizim qanunvericiliyimiz ölkəmizin artan sürətinə uyğun olmalıdır. Eyni zamanda, bizim beynəlxalq əlaqələrimiz də genişlənir və Azərbaycanın millət vəkilləri ölkəmizi bundan sonra da beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil etməlidirlər".

Dövlət başçısı onu da vurğulayıb ki, indi, bütövlükdə, ölkəmizdə gəncləşmə siyasəti aparılır. Ancaq bu da, çox düşünülmüş formada olmalıdı: "Yaşlı nəslin təcrübəsi, gənclərin innovasiyaya meyilli olması, onların bilikləri, müasir proseslərə diqqətin yetirilməsi - bax, biz bu vəhdətin təşkil edilməsi üçün çalışırıq. Hesab edirəm ki, buna nail olmuşuq. Mənə verilən məlumata görə, seçkilər ölkə ərazisində çox sakit keçdi, qanunvericilik çərçivəsində, hər hansı bir narahatedici məqam olmadı. Bu seçkilərə çox böyük maraq var idi. Çünki mən xatırlamıram ki, Azərbaycanda keçirilmiş hansısa parlament seçkisində 1300-dən çox namizəd olsun. Yəni bu, özlüyündə, onu göstərir ki, seçkilər rəqabət şəraitində keçirildi və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildi. Bu qədər namizədin olması seçkilərə inamın təzahürüdür. Çünki əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar. Ona görə bu seçkilərin xüsusi rolu var".

"Bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik"

Prezident İlham Əliyev bəzi beynəlxalq təşkilatların, seçkilərlə bağlı rəylərini, seçkilərədən öncə yazdıqlarını deyib: "O ki qaldı, bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların, bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik. Siz də Avropa Şurasının bizə qarşı olan mənfi münasibətini qeyd etdiniz. Bunun da son təzahürü qəbul edilmiş, yalan üzərində qurulmuş son qətnamədir. Yəni bu qətnamənin qəbul edilməsi, əslində, parlament seçkilərinə kobudcasına müdaxilədir. Birincisi, bu qətnamə saxtadır və biz bunu qəbul etmirik. Orada bizə qarşı irəli sürülən ittihamları rədd edirik və bizə qarşı ünvanlanmış dırnaqarası tələblərin heç birini icra etməyəcəyik. Bu, bir. İkincisi, bu qətnamənin qəbul edilmə vaxtı. Parlament seçkilərinə az vaxt qalmış bu qətnamənin qəbul edilməsi Azərbaycana qarşı olan mənfi və ədalətsiz yanaşmanın təzahürüdür".

Dövlət başçısı çıxışına əlavə edərək deyib: "Mən bu yaxınlarda yaxın dostumuz olan Mövlud Çavuşoğlu ilə görüş əsnasında bu barədə öz fikirlərimi bildirdim. O da, eyni mövqedədir və biz yaxşı bilirik ki, Türkiyəyə və Azərbaycana Avropa Şurasında ikili standartlar tətbiq olunur. Bizdə gedən müsbət proseslər qeydə alınmır, bizim artan gücümüz sanki qıcıq, paxıllıq yaradır. Ancaq buna rəğmən, Türkiyə və Azərbaycan iki dost, qardaş ölkə kimi irəli gedir. Biz çox önəmli layihələri icra edirik, öz gücümüzü artırırıq. Hesab edirəm ki, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində gedən işlərdə bizim düzgün siyasətimiz artıq reallıqdır".

"Ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir"

Dövlət başçısı onu da bildirib ki, bu seçkilər Azərbaycan xalqının iradəsidir: "Ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir. Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, - bu, əslində, belədir, siz də bunu qeyd etdiniz,- seçicilərə öz fikrini çatdırmaq üçün qapı-qapı gəziblərsə, əlbəttə ki, əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar. Ancaq indiyə qədər biz belə hallara rast gəlmirik. Bu, bir daha onu göstərir ki, bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir və əsas odur".

"Bu seçki prosesində müşahidəçi kimi qardaş Türkiyənin nümayəndələrinin iştirakı bizi, xüsusilə sevindirir"

Prezident İlham Əliyev seçkiləri müşahidə edən Türkiyənin nümayəndələrinin Azərbaycanda keçirilən seçkilərin uğurul olmaasına böyük sevinc hissi keçirdiyini bildirib: "Bu seçki prosesində müşahidəçi kimi qardaş Türkiyənin nümayəndələrinin iştirakı bizi, xüsusilə, sevindirir. Bir daha sizə təşəkkürümü bildirirəm. Əminəm ki, Türkiyə Böyük Millət Məclisindəki Azərbaycan-Türkiyə Dostluq Qrupu bundan sonra da iki ölkə arasındakı əlaqələrin inkişafına xüsusi töhfə verəcək və siz də qeyd etdiyiniz kimi, mən də buna tam əminəm ki, Türkiyə parlamentinin istənilən üzvü Azərbaycanla dostluq qrupunun üzvüdür. Çünki bizdə də eyni yanaşmadır. Biz bundan sonra da birlikdə böyük işləri davam etdirəcəyik".

"Əgər yenə də seçilmək istəyirlərsə, onda dairələrdə iş aparmalıdırlar"

Prezident İlham Əliyev MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş üzrə Komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən, seçkilərlə bağlı bəzi məsələlərə də aydınlıq gətirib: "Mənə həm dünən, həm də bu gün məruzə etdilər ki, proses, ümumilikdə, sakit keçib və heç bir gözlənilməz hal olmayıb. Ona görə də, kimsə qalib gəlir, kimsə məğlub olur. Hər kəs reallıqla barışmalıdır. Reallıqlar belədir ki, şərait yaradılıb, maksimum şəffaflıq təmin edilib. Həm də gözlənilməz çətin hava şəraitinə baxmayaraq, Azərbaycan vətəndaşları səs verdilər".

Dövlət başçısı onu da bildirib ki, seçkidə əsas odur ki, xalqın seçəcəyi insanlar məsuliyyət hiss etsinlər: "Bilsinlər ki, əgər yenə də seçilmək istəyirlərsə, onda dairələrdə iş aparmalıdırlar. Bax bu, keçmiş parlamentdə çatışmırdı. Buna görə də, parlamentin bir çox keçmiş üzvü dairələrdə işləmədikləri üçün seçkilərdə iştirak etmədi. Bu, yeni parlamentin qarşısında duran əsas vəzifələrdən biri olacaq. Çünki bütün ölkənin dayanıqlı inkişafının təmin edilməsi üçün deputat korpusu regionların problemlərini dərk etməlidir, onları üzə çıxarmalıdır və hökumətə, ictimaiyyətə çatdırmaqla onların həllinə kömək etməlidir".

Bəli, ölkə Prezidenti İlham Əliyev seçki ilə bağlı bütün reallıqları açıb göstərdi. Bir daha bildirdi ki, seçilən hər bir kəs onu da bilir ki, millət vəkili kimi öhdəsinə düşən məsuliyyət xalq qarşısında daşıdığı məsuliyyət hissinin göstəricisidir. Ona görə də, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə, ölkəmizi dünyada tanıdan ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevlə həmrəyliklərini növbəti dəfə təsdiqləyərək, daha qüdrətli Azərbaycan naminə birlik nümayiş etdirmiş oldular.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə