Ermənistan Sərsəng Su Anbarı ilə bağlı qətnaməyə niyə əməl etmir?

Ermənistan Sərsəng Su Anbarı ilə bağlı qətnaməyə niyə əməl etmir?

Ermənistan tərəfindən 20 faiz torpaqları işğal edilmiş Azərbaycan öz səsini dünya ictimaiyyətinə intensiv şəkildə çatdıraraq, təbliğatı daha da gücləndirir, ermənilərin işğalçılıq siyasətini, terrorçuluq fəaliyyətini, 1 milyon insanın qaçqınlıq problemini Avropa dövlətlərinə, ümumillikdə, dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırır. Onlar təkcə silahlı mübarizə ilə deyil, mənəvi abidələrimizə də zərbə vurmaq yolu ilə işğalçılıq siyasətlərini davam etdirirlər. İkitərfli mübarizədə siyasi və ideoloji müharibədə erməni kimliyi özünü büruzə vermiş olur. Ötən əsrin 90-cı illərində baş verən ictimai-siyasi proseslər nəticəsində xalqın milli varlığını, onun tarixini əks etdirən abidələr Ermənistan təcavüzkarları tərəfindən dağıdılıb. Ermənistan tərəfindən Azərbaycana qarşı əsassız ərazi iddiasının irəli sürülməsi və zəbt etdikləri ərazilərdə maddi abidələrə qarşı talançılıq siyasətininin yeridilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması deməkdir. Hərbi təcavüz nəticəsində, işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları Ermənistan ərazisində qalaraq hərbi məqsədlərlə istifadə edilərək, qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər abidələrimiz məhv edilir. İşğal altında olan ərazilərdəki əlverişli təbii şərait, onun sıx meşələri erməni təcavüzkarları tərəfindən talan edilir və Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri əkilib-becərilmir və ona görə də, böyük ekoloji fəlakət yaşanılır. Təbiətə qarşı olan ermənilərin amansızsızlıq aksiyası onların Azərbaycan ərazilərinə qarşı qısqanclığını, iddialı mövqedən çıxış edib, özünəməxsus formanı tətbiq etməsi ilə yanaşı, bir məntiqin də gerçəkliyini təsdiqləyir. Bu, ermənilərin Qarabağ ərazisində müvəqqəti olduqlarını təsdiqləyən faktordur.

ERMƏNİSTAN SU RESURSLARINDAN SİYASİ TƏSİR VƏ YA TƏZYİQ VASİTƏSİ KİMİ İSTİFADƏNİ DAYANDIRMALIDIR

Ağdərənin də təbii resursları Ermənistan tərəfindən vəhşicəsinə istismar olunmaqla bərabər, həmçinin, Sərsəng Su Anbarı da ekoloji terror məqsədləri ilə istifadə edilir. Ermənistan tərəfindən Sərsəng Su Anbarının qeyri-humanist bir şəkildə istifadə edilməsinə cəhd göstərilməsi, beynəlxalq Konvensiyaların, o cümlədən də, sosial-iqtisadi və siyasi hüquqlar haqqında beynəlxalq haqqın, Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Tərtərçayı üzərindəki Sərsəng Su Anbarı hazırda Tərtər rayonunun erməni işğalında olan ərazisində qalmış və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur. 1976-cı ildə inşa edilən Sərsəng Su Anbarı respublikada bəndinin hündürlüyünə görə ən yüksəyidir və respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Yalnız Sərsəng Su Anbarının işğalı nəticəsində, 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəzolunmaz zərər vurmuşdur. İşğal altında qalan Sərsəng Su Anbarının texniki təhlükəsizliyinin təmin olunması üçün zəruri diqqət ayırmır və bu da, nəticə etibarilə, Tərtər çayı boyunca yerləşən çoxsaylı Azərbaycan yaşayış məntəqələri üçün təhlükə törədir. Sərsəng Su Anbarı, onun üzərində olan su elektrik stansiyası Ermənistan tərəfindən ekoloji və humanitar terror obyektinə çevrilib.

İÇMƏLİ SUDAN MANEƏSİZ İSTİFADƏ HƏR BİR DÖVLƏT ÜÇÜN ƏSAS HÜQUQ, HƏYAT MƏNBƏYİ VƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİKDİR VƏ SƏRHƏDLƏRİN MÖVCUDLUĞU BU İSTİFADƏNİ MƏHDUDLAŞDIRA BİLMƏZ

Vaxtı ilə böyük bir ərazini suvarma suyu ilə təmin edən anbar önəmli içməli su qaynağıdır. Avropa Şurası tərəfindən müvafiq istiqamətdə tədbirlərin

həyata keçirilməsi nəzərdə tutulsa da, terrorçu ermənilər atəşkəsi pozmaqla yanaşı, Sərsəng Su Anbarından da öz çirkin əməllərini həyata keçirmək üçün istifadə edirlər. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin hazırladığı "Azərbaycanın sərhəd rayonunun əhalisi sudan məhrum edilmişdir" adlı qətnamə layihəsi erməni lobbisinin ciddi maneələrinə baxmayaraq, qurumun büro iclasında müzakirə olunmuş və məruzəçi təyin edilməsi ilə əlaqədar sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinə yönləndirilməsi barədə təklif büro tərəfindən yekdilliklə qəbul edilmişdir. Bu qərar həmin gün büronun iclasından dərhal sonra assambleyanın plenar sessiyasında təsdiqlənmişdir. Sərsəng Su Anbarı ilə bağlı 13468 saylı sənədi 11 ölkənin 27 deputatı imzalamışdır. Sənəddə bildirilir ki, assambleya problemin vacibliyini nəzərə alaraq, bu məsələ ilə ciddi şəkildə məşğul olmalı, bununla əlaqədar tezliklə xüsusi ölçü götürməli, beynəlxalq ictimaiyyətə çağırış səsləndirmək üçün qətnamə layihəsi qəbul etməlidir. Qətnamədə göstərilir ki, içməli sudan maneəsiz istifadə hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi və strateji əhəmiyyətə malikdir və sərhədlərin mövcudluğu bu istifadəni məhdudlaşdıra bilməz. Assambleya təsdiq edir ki, qəsdən sudan məhrum etmə günahsız vətəndaşlara zərər yetirmə vasitəsi kimi istifadə edilə bilməz.

ERMƏNİSTANIN DAVRANIŞI AVROPA ŞURASININ TAMHÜQUQLU ÜZVÜ KİMİ ÜZƏRİNƏ GÖTÜRDÜYÜ ÖHDƏLİKLƏRƏ UYĞUN GƏLMİR

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng Su Anbarında mütəmadi baxım işlərinin aparılmaması bütün ətraf ərazilər üçün təhlükə yaradır. Assambleya vurğulayır ki, Sərsəng Su Anbarının baxımsız vəziyyətdə qalması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər. Bu vacib humanitar problemi nəzərə alaraq, assambleya Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və bununla müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi, sutoplama

dövründə Sərsəng su resurslarının istifadəsini və s. tələb edir. Ermənistan hakimiyyətinin su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırması da tələb olnur. Assambleya Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyini hesab edir.

Sənəddə o da qeyd olunur ki, qəsdən süni ətraf mühit böhranı yaratmaq "ekoloji təcavüz" kimi qəbul edilməli və ekoloji fəlakət zonaları yaratmaq, həmçinin, aidiyyəti əhalinin normal yaşamını çətinləşdirmək məqsədilə bir dövlətin digərinə qarşı düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir. Amma təəssüflər olsun ki, 2016-cı ildə qəbul edilən qərar bu günə qədər də yerinə yetirilməyib. Sərsəng Su Anbarında qəza olarsa, 60-70 dəqiqəyə, ən azı, yarım metr hündürlükdə su axını 48 km kənarda yerləşən Bərdəyə çatacaq. Su yolu üzərindəki bütün canlı aləmi məhv edəcək. Təbii ki, Sərsəng Su Anbarında qəza avadanlıqların istismar müddətinin başa çatması, iqlim dəyişikliyi ilə əlaqədar daşma və digər səbəblərdən baş verə bilər. Bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükə mənbəyidir.

ERMƏNİLƏR "İŞĞALÇI DÖVLƏT İŞĞAL EDİLMİŞ ƏRAZİLƏRDƏ MÜLKİ ŞƏXSLƏRİN MÜDAFİƏSİNİ TƏMİN EDİR" MÜDDƏASINI POZUR

İşğala qədər həmin zonada 100 min hektara qədər torpaq suvarılırdı. İşğaldan sonra Azərbaycan bu imkanlarından yararlana bilmədi. Tərtər, Bərdə, Yevlax, Ağdam və Goranboy rayonları Sərsəng Su Anbarından istifadə edilməklə torpaqların suvarılması imkanlarını itirdi. Ermənilər yayda, suya ehtiyac olanda Sərsəng Su Anbarından suyu vermir, qışda, ehtiyac olmayanda isə suyu buraxır. Nəticədə, Tərtərçayda sel və daşqın yaranır.

Belə önəmli bir içməli su qaynağının münaqişə səbəbindən, təhlükə altında olması təəssüf doğurur. Ermənilərin ekoloji terroru Azərbaycanın flora və faunasına zərər yetirir, təbii sərvətlərini məhv edir. Bu ermənilərin bilərəkdən Azərbaycana vurduqları ziyandır.

Bu gün Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Sərsəng Su Anbarından kanal çəkmək cəhdi ilə bağlı hərəkətləri pislənilir. Bildiyimiz kimi, Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatı da (ISESCO) bəyanatla çıxış etmişdi. Sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Sərsəng Su Anbarından kanal çəkilişi ilə bağlı hərəkətləri pislənilərək, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yeni su kanalı çəkilməsi cəhdlərini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirir. İSESKO-nun da erməni aqressiyası və Azərbaycanın 20% ərazilərin işğalı ilə bağlı mövqeyi ondan ibarətdir ki, bu işğal qanunsuzdur və təşkilat buna qarşı çıxır. Çünki bu, beynəlxalq qanunların pozulmasıdır, ikincisi də bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. Ermənistanın bu ekspansionist planı Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyəti dəyişməyə və ISESCO-nun üzvü olan Azərbaycan Respublikasının təbii ehtiyatlarının talan edilməsinə yönəlib. Bu xüsusi mülkiyyət və dövlət mülkiyyəti hüquqlarının, habelə, beynəlxalq hüququn, o cümlədən, Dördüncü Cenevrə Konvensiyasında təsbit olunmuş "işğalçı dövlət işğal edilmiş ərazilərdə mülki şəxslərin müdafiəsini təmin edir" müddəasının pozulmasıdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə