"Daha çox torpaq alıb tikirlər" Əmlak bazarında vəziyyət - AÇIQLAMA

"Daha çox torpaq alıb tikirlər" Əmlak bazarında vəziyyət - AÇIQLAMA

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üzrə 2019-cu ilin yanvar-sentyabr ayları ərzində qeydiyyatın aparılmasına dair məlumatda mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı 181,5 min olub. 2018-ci ildə isə bu rəqəm 218,3 mini təşkil edib.

Hazırda əmlak bazarındakı qiymətləri SİA-ya şərh edən daşınmaz əmlak və vergi üzrə ekspert Rəşad Əliyev bildirib ki, 2019-cu ilin ortalarından bu yana əmlak bazarında qiymətlər sabitləşib:

"Bundan əvvəl əmlak bazarında kiçik bir qiymət artımı baş vermişdi. Lakin ötən ilin ortalarında qiymətlər müəyyən qədər sabitlənməyə doğru getdi. Hazırda heç bir iqtisadi əsas yoxdur ki, qiymət artımı olsun. Əksinə müəyyən qədər ucuzlaşmaya doğru meyillənmə olmalıdır. Biz bunu müşahidə etdik".

Ekspert bildirib ki, müəyyən bir sahədə qiymətlər artırsa, bunun fonunda nələrinsə qiymətinin düşməlidir, lakin hələ həmin qiymət azalması bazarda müşahidə olunmur.

Rəşad Əliyev əmlak bazarındakı qiymətlərin isə yerə və tikintinin növünə görə dəyişdiyini vurğulayıb:

"Bir çox insan və ya maddi cəhətdən böyük imkana sahib olmayan insanlar torpaq alır, tədricən tikməyə başlıyır. Onların fikrincə bu daha ucuz başa gəlir. Əslində isə pul mərhələli şəkildə xərclənir. Torpaq bazarında müəyyən bir bölgü var. Mərkəzdən uzağa doğru getdikcə torpaqlar ucuzlaşır. Fərqi yoxdur, ev və ya torpaq mərkəzdən uzaqlaşdıqca qiymət enir. Lokal yerləşmələrdə isə məsələn, metro ətrafında, metroya daha yaxın ərazilərdə yer və evlər daha baha olur. Kənarda isə daha ucuz.

Bundan əlavə binanın tikilişi məsələsi də var. Bina var ekonom, bina var lüks, bina da var biznes klas sayılır. Binanın tikilişindən də çox şey asılıdır: Yeni tikili və ya köhnə tikili. Bu meyarlara görə qiymət də dəyişir".

Qeyd edək ki, 2019-cu ilin yanvar və sentyabr ayları ərzində 12,8 min fərdi yaşayış və bağ evi, 15,7 min torpaq sahələri, 19,4 min isə mənzil (özəlləşdirmə) dövlət qeydiyyatına salınıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə