"Qorxu" epidemiyası TƏHLİL

Çin epidemiyası ətrafında Qərb mediasının səs-küyü öz miqyasını ölçüyəgəlməz dərəcədə aşır. Koronavirus ətrafındakı çaxnaşmanı bir çox mütəxəssislər, ekspertlər layiqincə qiymətləndirir, epidemiyanın miqyasının iqtisadi və siyasi mənfəət əldə etmək üçün qlobalistlər tərəfindən həddindən çox şişirdildiyinə hələ ilk günlərindən etibarən inanırdılar.

ABŞ hökumətinin Çində mövsümi qripdən də ölüm hallarını şişirtməsi faktları da diqqətdən yayınan deyil. İndi də koronavirus barədə yaradılan xof və qorxu bir sıra məqamlara aydınlıq gətirir. Bütün bunların ABŞ və Çin arasındakı ticarət müharibəsinin getdiyinə dəlalət etdiyi ortaya çıxır desək çox güman ki, yanılmarıq.
Çinşünas deyilik, amma 20 ildir ki, siyasi böhranların və informasiya müharibəsinin təhlili bəzi məsələlərin üzə çıxması üçün kifayət edir. Bənzər mənzərənin "quş" və "donuz" qripi, "SARS" epidemiyasında da şahidi olduq. Bütün bu hadisələr dərman şirkətlərinin təxribatları və qlobalistlərin bir sıra dövlətlərə, ələlxüsus onların liderliyinə “əngəl” olan ölkələrə qarşı informasiya müharibəsi, yaxud buna bənzər epizodlar heç də təsadüfi ola bilməz və sözsüz ki, düşünülmüş və hesablanmış bir mübarizənin olduğunu təsdiq edir.

Hər dəfə Qərb mediası bəşəriyyətin demək olar ki, yarısının ölümünə səbəb olacaq bəla proqnozu ilə gündəmi doldurdu və bəşəriyyət hər dəfə də bunun baş vermədiyinin şahidi oldu. Sağlam düşüncəli, həssas insanlar bu səs-küyə o qədər də əhəmiyyət vermədilər. Çaxnaşmanın həqiqətən də başlanğıcdan belə şişirdildiyini hadisələr və nəticələr təsdiqlədi. İndi də analoji olaraq hər şey deyilənləri isbatlayır. Statistikaya görə, koronavirusa yoluxanların əksəriyyəti sağalır, normal həyat şəraitinə davam edir. Əsasən zəifləmiş yaşlılar və immuniteti zəif olan insanlar xəstəliyin öhdəsindən gələ bilmir və həyatını itirir ki, bu hal təkcə koronavirus üçün xas deyil və hərhansı xəstəlik belə insanların ölümünə səbəb ola da bilər. Məsələn, mövsümi qrip epidemiyalarından daha çox insan ölür.

Ancaq Qərb mediası dəhşətə səbəb olan səs-küy yaratmaqda davam edir. Üstəlik, belə səs-küy kampaniyalarını Çinin jurnalistləri deyil, yenidən onların özlərinin başlamaları da diqqətdən yayınan deyil. Yeni koronavirus epidemiyasının öhdəsindən Çində ləyaqətlə gəlinir. Amma “qorxu epidemiyası”nın öhdəsindən gəlib-gəlməyəcəkləri sual doğurur. Çünki, bu həmlənin ardıcıl olmayacağına, bu qorxuya qarşı “vaksin” hazırlanacağını ehtimal etmək çətindir.

Heç şübhəsiz ki, ABŞ rəqibinə yeni bir iqtisadi zərbə vurdu. Çin iqtisadiyyatı əhəmiyyətli dərəcədə zəiflədi. Hətta illərlə gerilədi də. Bu ölkəyə ciddi şəkildə maddi ziyan vuruldu. Onu da nəzərə almaq lazımdır ki, Çinə gedən turistlərdən tutmuş, oraya yollanan iş adamlarına qədər bütün ziyarətçilərinin yolları kəsildisə, deməli, hələ uzun müddət bu ölkəyə investisiya axını da sual altındadır. Bu isə öz növbəsində iqtisadi yüksəlişdə olan bir ölkə üçün gəlirlərdən məhrum olmaq deməkdir.

Təbii ki, bu məhrumiyyətin fonunda bir sıra oyunçular, məsələn əczaçı şirkətləri qazanc əldə etdilər. Ola bilsin Qərb oyunlarında onların da iştirakı nəzərdə tutulmuşdu və bu iştiraka görə məmnun da qaldılar. Bəzən qlobal miqyasda hansısa çirkli strategiya yürüdüləndə ondan qazanc güdən, yaxud sözün əsl mənasında gəlir əldə edən şirkətlər də olur. Məsələn, “şər iblisi” kimi tanınan Sorosa məxsus şirkətlər insanların faciəsi üzərində “xoşbəxtlik” qazanır və külli miqdarda qazanc əldə edir. İndi də analoji olaraq əczaçı şirkətlər Çində yaşayan insanların guya ki, faciəsi üzərində qazanc əldə edib, büdcələrini artıra bildilər və belə görünür ki, heç bu qazancın davamlı olmasından imtina etmək niyyətində də deyillər.

Çində araşdırmalar aparan Rusiyalı məşhur ekspert Nikolay Vavilov bu yaxınlarda sözügedən ölkədəki epidemiya ilə əlaqədar fikirlərini bölüşüb. O, özü də Çində yayıldığı iddia edilən epidemiyanın həddən artıq şişirdildiyini təsdiqləyir. Vavilov cəmi 6 nəfər ölüm faktı aşkarlanan kimi 11 milyon əhalisi olan Uhana giriş-çıxışın bağlanması faktına diqqəti çəkir. Qeyd edir ki, kifayət qədər çox əhalisi olan bir şəhərdə bir neçə nəfərin xəstəlikdən ölməsi faktına görə şəhərin bağlanması əvvəlcədən düşünülmüş plandır və məqsədli şəkildədir. Onun sözlərinə görə, bundan daha dəhşətli Ebola epidemiyası dövründə də heç kim hansısa şəhərləri bağlamamışdı.

Vavilov onu da vurğulayır ki, Çin Xalq Respublikasının rəhbəri Si Cinpin səlahiyyətlilər arasında “təmizlik” işi aparmağa hazırlaşırmış və Çinin komsomol siyasi qrupu üçün nəzərdə tutulan bu plana koronavirus ətrafındakı çaxnaşma mane oldu. Uhan administrasiyası rəhbərini çıxarmaq istədiyi gün şəhər rəhbərliyi fövqəladə vəziyyət elan etdi, giriş və çıxışlar bağlanıldı. Vavilovun sözlərinə görə, hədəfdə olan bu qrup Demokrat Partiyasından olan Amerikan qlobalistləri ilə sıx əlaqədardır və təsadüfi deyil ki, epidemiya ilə bağlı ilk çaxnaşma mesajları New York Times səhifələrində yayımlandı. Bu nəticələr Çinə olan həmlələr barədə fikirlərə zidd deyil, əksinə, Qərbin hücumlarının təsdiqidir.

Nəticələr göz qabağındadır və onlar Qərb mediasının hay-küy dolu həyacan siqnallarından daha çox reallığı əks etdirir. Koronavirus çoxlu sayda can alsa da Çin kimi bu böyüklükdə ölkə üçün informasiya zərbəsi qədər təhlükəli olmadı. Reallıq ondan ibarətdir ki, epidemiyanın böyüyü heç də koronavirus deyilmiş. Sən demə ən böyüyü elə qorxu epidemiyası imiş ki, bundan Çinə qarşı silah kimi məharətlə istifadə edildi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə