Lətafət Məmmədova: “Qaçqınkoma etdiyim müraciətlər cavabsız qalır”
Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və xalqımızın bu ən ağrılı probleminin həlli üçün zəruri strategiya müəyyənləşdirilib. Sonrakı dövrdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsidir ki, təkcə son dövrlərədək, 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə ötən il Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində 5 yeni yaşayış kompleksi istifadəyə verilib, 5800-dən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhərində və regionlarda yaşayış komplekslərinin və fərdi evlərin tikintisi davam etdirilir və bu məsələ daim Prezident İlham Əliyevin diqqəti mərkəzindədir.
Sözügedən reallıq həm də onu ehtiva edir ki, dövlətimizin başçısı daim öz çıxışlarında xalqının xidmətçisi olduğunu vurğulayır və yerlərdə fəaliyyət göstərən məmurları da xalqa xidmət etməyə çağırır. Lakin təəssüflər olsun ki, bir sıra hallarda məmurlar vətəndaşların şikayətlərinə etinasız yanaşır, bu vasitə ilə öz işıərində ciddi nöqsanlara yol verirlər.
Lakin təəssüflər olsun ki, bir sıra hallarda qaçqınkomda fəliyyət göstərən bəzi məmurlar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ciddi nöqsanlara yol verir, qaçqın vətəndaşların hüquqlarını pozur, dövlətin siyasətinə kölgə salmağa çalışırlar.
Məhz bu amildən çıxış edərək, SİA-ya Kəlbəcər rayonundan qaçqın düşmüş Məmmədova Lətafət Əşrəf qızı şikayət ərizəsi ilə müraciət edib. Lətafət xanım ərizəsində bildirib ki, o artıq 25 ildir ki, Kürdəmir rayonunun Sorsor kəndində ona verilmiş pay torağında yaşayır və bu illər ərzində kənd sakinləri hər zaman ona və ailəsinə qarşı ehtiramla yanaşıb, bir çox məsələlərində yardımlar ediblər. O da öz növbəsində kənd sakinlərinə daim minnətdar olduğunu deyir.
Lakin buna baxmayaraq, o beş övladı ilə bərabər qamışdan və palçıqdan tikilmiş bir komada ağır sosial vəziyyətdə yaşayır. İndiyə qədər Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə və Kürdəmir rayon İcra Hakimiyyətinə mənzillə bağlı müraciət etsə də, cavabsız qalıb. Nəticədə "Qaçqınkom"un Bakıdakı və Kürdəmirdəki səlahiyyətlilərinə ərizə ilə müraciət edən Lətafət Məmmədova bu dəfə də etinasızlıqla qarşılaşıb. “Qaçqınkomda çalışan səlahiyyətlilərə - Daşıqn müəllimə, Qurban müəllimə dəfələrlə şikayət etsəm də onlar mənim çətin və ağır sosial şəraitimlə maraqlanmayıblar. Ümumiyyətlə, sözümə belə qulaq asmaq istəməyiblər”, deyən şikayətçi əlavə edib.
Şikayətçi bildirib ki, həmin komada 5 övlad böyüdüb və belə bir dözülməz, ağır şəraitdə, yayın istisində və qışın soyuğunda, palçıq içində yaşamasına rəğmən, bir oğul övladını Vətənə xidmətə yollayıb, qız övladlarına da orta və ali təhsillər verib, onların gələcəkləri barədə düşünüb: “Mən bilirəm və inanıram ki, dövlətimiz daim öz vətəndaşlarının yanındadır, biz daim Prezident İlham Əliyevin, ölkənin birinici xanımı Mehriban xanım Əliyevanın ətrafında sıx birləşmişik, bundan sonra da bu ali vətəndaş mövqeyimizi ortaya qoyacağıq. Ancaq təəssüf olsun ki, yerlərdə fəaliyyət göstərən bəzi məmurlar, xüsusilə "Qaçqınkom"da məsul vəzifələr daşıyan şəxslər uğurlu dövlət siyasətinə kölgə salmağa cəhdlər göstərirlər. Bu isə bizi bir Azərbaycan vətəndaşı olaraq təəssüfləndirir”.
Sonda isə onu da qeyd edək ki, SİA olaraq, qarşı tərəfin də fikirlərini dinləməyə hazırıq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB