Novruz Məmmədov: “Ermənistan öz hərəkətləri ilə Azərbaycanı münaqişəyə cəlb etməyə çalışır” - MÜNASİBƏT

Novruz Məmmədov: “Ermənistan öz hərəkətləri ilə Azərbaycanı münaqişəyə cəlb etməyə çalışır” - MÜNASİBƏT
Rəsmi Bakı Yerevan-Xankəndi aviareysinin birinci sərnişini olacağı barədə Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatına münasibəti açıqlayıb.
SİA-nın verdiyi məlumata görə, Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov 1 news.az informasiya agentliyinə müsahibəsində bildirib ki, erməni tərəfi və Serj Sarkisyan belə bir addımla əsl simalarını, habelə ikibaşlı oyun oynadıqlarını bir daha nümayiş etdiriblər.
Novruz Məmmədov deyib ki, Sarkisyanın bu bəyanatı Ermənistanın iç üzünü, onun siyasətinin mahiyyətini açır. Təəssüf ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərinə dair bəyanatlar verən beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri, beynəlxalq hüququ formalaşdıran, keşiyində dayanan dövlətlər bu hadisəyə konkret münasibət bildirmirlər. Görün nə baş verir? Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, 20 ildən artıqdır ki, bu ərazi işğal altındadır, münaqişə, müharibə baş verib, bu gün həmin münaqişənin həlli ilə bağlı danışıqlar gedir. Danışıqları dünyanın üç ən mühüm dövləti - ABŞ, Rusiya Federasiyası və Fransa aparır. Lakin münaqişə hələlik həll olunmamışdır. Buradan belə nəticə hasil olur ki, Ermənistan işğalçı siyasətini davam etdirir və dünya birliyi, beynəlxalq təşkilatlar da buna göz yumurlar. Fərz edək ki, biz günlərin birində Gorusda aeroportun açılışı və istifadəsi ilə bağlı mövqe bildirək və Ermənistan tərəfini danışıqlara dəvət edək. Bunu dünya necə qəbul edər?! Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, amma orada Ermənistan tərəfi heç bir beynəlxalq hüquqa, aparılan danışıqlara məhəl qoymayaraq aeroport tikir və onun açılışını elan edir. Prezidenti isə deyir ki, ilk reysin sərnişini olacağam.
Ermənistan prezidentinin bu fikirləri heç bir əndazəyə sığmır. Azərbaycan tərəfi bununla bağlı öz mövqeyini bildirib və mən bir daha deyirəm ki, Ermənistan tərəfi xülyaya uymasın. Ermənistanın rəhbərliyi və xalqı bilməlidir ki, Azərbaycan gec-tez öz torpaqlarını nəyin bahasına olursa-olsun qaytaracaqdır.
Prezident Administrasiyanın şöbə müdiri deyib ki, belə hərəkətlər bir daha Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu göstərir. Təəssüf ki, beynəlxalq birlik bu hərəkətlərə göz yumur. Bu, Ermənistan tərəfinin növbəti məkrli addımıdır. Çünki ölkəmizdəki diplomatik korpusun nümayəndələri mənə deyirlər ki, ola bilər Ermənistan tərəfi belə bir məsələni ortaya atmaqla təxribat törətmək, Azərbaycanın bununla bağlı müəyyən bəyanatlar verməsini, sonradan onun qınanmasını istəyir. Məlumdur ki, Ermənistan həmişə məkrli addımlar atmaqla məşğul olub. Qoy Ermənistan rəhbərliyi bilsin ki, Azərbaycan heç vaxt mövcud vəziyyətlə barışmayacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə