Azərbaycanın Mübarizi hər birimizin qəlbindədir

Azərbaycanın Mübarizi hər birimizin qəlbindədir

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olan günüdür. Yaşasa idi bu gün 32 yaşı olacaqdı. Vətən ucalığı, vətən sevgisi bir oğulun ömür yolunu yarımçıq qoydu, qəhrəmanlıq zirvəsinə yüksəltdi. Heç vaxt zirvədən enməyəcək bir yüksəklikdə özünün əbədi məşəlini yandırdı – şəhidlik zirvəsinə yüksəldi. Deyirlər, vətənpərvərlik ana laylalarından başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı yoğrulduğu ana laylalarından kök atmağa başlayır. Sonralar Vətənə, doğma torpağa məhəbbət nağıllarımızdan, dastanlarımızdan, atalar sözlərindən əxz olunmağa başlayır. Vətənlə bağlı düşüncələri, vətənpərvərlik tərbiyəsi, vətəni sevmək kimi ali dəyərləri insan özü də hiss etmədən belə onun beynində, qəlbində yaranır. Elə Mübarizin də əgər 22 yaşlı bir gənc olaraq düşmənlə üz-üzə gələrək, qisası qiyamətə qoymaması onun ruhi, əqli, mənəvi dünyasında hökmranlıq edən Vətən sevgisindən yaranmışdı.

Qısa bir tərcümey-hal yazdı - Mübariz İbrahimov. Amma bu zamanda əsrlərə dastan olacaq bir ömür yarandı. Neçə-neçə əsrlərin yazılmasına səbəb olacaq ömrün hadisələri var bu ömür payında. 1988-ci ilin 7 fevral tarixində Biləsuvar rayonunun Əliabad kəndində anadan olan Mübariz bir kəndin, bir rayonun yox, bütün türk dünyasının övladı oldu. 1994-cü ildə Mübariz M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət edib. Bu yola qədər uşaqlıq və gənclik illərinin ilk illərində baş verən hadisələr onun yaddaşına elə həkk olur ki, o düşməndən intiqam almaq hissi ilə yaşayır. Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Belə bir qətiyyətli addımı atarkən ailəsinə SON məktubunu yazmağı şübhəsiz ki, özünə borc bilir:

"Canım atam və anam. Məndən ötrü darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin". Bu hallallıqdan sonra qəhrəmanlığa doğru addımlarını atır. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək, 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Bu şəhidlik bütün Azərbaycana, dünya ölkələrinə işıq sürəti ilə yayılır. Atası Ağakərim İbrahimov belə deyir: "Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar...".

Rusiya prezidenti Vladimir Putin «Azərbaycanda yeni Rembo peyda olub», deyə bildirmişdi: "Mən çox qəribə və maraqlı məlumat almışam. Bir gecə silahlanıb təkbaşına erməni ordusuna qarşı hücuma keçərək 135 nəfər erməni əsgər və zabitini qanına qəltan edib. Əgər rəsmi məlumat olmasaydı, mən bu xəbərə inanmazdım. Çünki biz bu cür igidlikləri kinolarda görmüşük. Rembo kinoda 200 nəfərdən çox adam öldürəndə, deyirsən ki, bu fantastikadır. Həqiqətən də bu fantastikaya oxşayır. Axı, necə ola bilər ki, bir nəfər silahlı 200 nəfər silahlıya atəş açır, 200 nəfərin atdığı atəş isə bu bir nəfərə dəymir, həmin bir nəfər isə sərrast atəşlə hamısını yerə sərir. Bu heç cür ağılabatan deyil. Deməli, Rembo təkcə kinoda deyil, həyatda da var'.'

Bu əfsanələşən bir filmin qəhrəmanı bizim Mübarizdir. Dünyaya, ən əsası da erməniyə Azərbaycan gücünü, Azərbaycan oğlunun belə bir cəsarətini, qəhrəmanlığını göstərdi. Fəxrimiz, Fəxarətimiz MÜBARİZ. Sən elə bir abidə yaratmısan ki, kimsə buna toxuna, iz sala bilməz. QƏHRƏMANLIQ hər həsə nəsib olmur, torpaq yolunda Şəhidlik hər kəsə nəsib olmur. Bunu Azərbaycan torpağının yetirdiyi Mübariz İbrahimov göstərdi! Vətən üçün hər kəsin cavabdeh olmasını yaxşı anlayırdı BİZİM QƏHRƏMAN. Hər vaxt üçrəngli bayrağını uca tutan cəsur oğullar millətimizin qürur mənbəyidir.

Azərbaycanda saxta qəhrəmanlar olmur. Bugünki dünyada bütün arxiv sənədlərinin aşkar şəkildə olması, həqiqətlərin dünyaya çatdırılması, ağı qaradan seçməyə imkan yaradıb. Amma belə bir zamanda, Ermənistan faşist Qaregin Njdeyə, rəsmi olaraq, heykəl ucaldıb və onu milli qəhrəman statusuna yüksəldib. Bu, faktdır ki, Ermənistan dünyada nadir ölkələrdəndir ki, belə bir addımı atıb. Tarixi mənbələrdən bəllidir ki, Njdenin faşistlərlə əlaqəsi olub və onun sovet ordusuna qarşı döyüşməsi tarixi sənədlərdə əksini tapıb. Prezident İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında da çıxış edərkən, təkzibedilməz faktlara əsaslanaraq, Ermənistanda faşistlərin qəhrəmanlaşdırıldığını bildirmiş və Yerevan hakimiyyətini bu cür yarıtmaz siyasətdən əl çəkməyə, MDB məkanında əməkdaşlığı və sülhü təhdid edən faşizm ideologiyasından imtina etməyə çağırmışdı. Cənab Prezident verdiyi müsahibələrinin birində "Biz faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi məsələsində hər hansı siyasi korrektlikdən uzaq olmalıyıq" – deyə bildirmişdi: "Kimin necə nitqlər söyləməsindən, kimin nə etməsindən asılı olmayaraq, biz hər şeyin öz adını deməliyik...".

Azərbaycan Prezidenti MDB məkanında faşistlərin qəhrəmanlaşdırılmasını, Ermənistanda baş verənləri, Yerevanda faşistlərin əlaltısı Qaregin Ter-Arutyunyana altı metr hündürlüyündə heykəl qoyulmasını yolverilməz olduğunu bildirib: "Njde ləqəbi ilə məşhur olan bu adam SMERŞ tərəfindən həbs edilərək 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Ona bəraət verilməmişdi. İndi belə bir adama Ermənistanda altı metr hündürlüyündə heykəl qoyulur, küçələrə, meydanlara onun adını verirlər. Bu, Ermənistan rəhbərliyinin də guya faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin əleyhinə olması barədə bəyanatı ilə bir araya necə sığa bilər?"

Dünya erməniliyinin türklərə və azərbaycanlılara qarşı qatı millətçi davranışlarının təməlində Q.Njdenin düşüncələri yer alır. Bu faşist ideoloqu bütün həyatı boyu türklərə düşmən mövqedə olmuşdur. O, öncə savaş meydanında türklərə divan tutmağa çalışmışdı. Qəddarlıqda Andranikdən geri qalmayan bu şəxsin tökdüyü qanın, qətlə yetirdiyi günahsız insanların sayı-hesabı yoxdur. DTK-nın İkinci Dünya müharibəsi ilə bağlı arxiv sənədlərindən aydın görmək olur ki, erməni daşnakları həmin dövrlərdə xüsusi qəddarlıqla kütləvi qırğınlar törədiblər. Alman faşistləri ilə birlikdə əsir düşərgələrindəki insanlara işgəncələr verilməsində və sovet ordusuna qarşı döyüş əməliyyatlarında iştirak ediblər. Azərbaycanın mərd övladları isə od-alov püskürən yerlərdə alman faşistləri ilə üz-üzə vuruşublar.

Azərbaycanda hazırda yüzlərlə Böyük Vətən müharibəsi veteranı yaşayır. Bu il faşizm üzərində qələbənin 75 illiyi qeyd olunacaq. Həmin illərdə baş verən hadisələrin, müharibənin şahidi və iştirakçısı olan insanların qələbə istəyi ilə Berlinə qədər getmələri, fədakarlıqları və ərənlikləri torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir zamanda bugünkü gənclərə örnəkdir. Mübariz də belə bir nəslin davamçısıdır.

Təbii ki, heç kəs anadan qəhrəman doğulmur. Onu yaşadığı zaman, doğulduğu torpaq, vətənpərvərlik ruhu yetişdirir.

Ermənilərə dərs verən Mübariz İbrahimovun cəsədini Ermənistan 141 gün saxlamışdır. Ermənilər İbrahimovun cəsədinin şəkillərini internet saytlarında yayımlamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin səyi və göstərişləri əsasında onun nəşi geri alındı. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqların nəticəsində, İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında Ermənistan tərəfdən alınmışdır. Proses əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikası Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.

2010-cu il noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edərək, nitq söyləmişdir. İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə Sərəncam imzalayıb. Prezidentin başqa bir Sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adı verilib. Biləsuvar rayonunda küçələrdən biri Mübariz İbrahimovun adını daşıyır.

2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb.

Qardaş Türkiyə də tədbir, film və seriallarında Azərbaycan qəhrəmanı Mübariz İbrahimovun adını sonsuz hörmət və məhəbbətlə yada salıb və salır. Onun qəhrəmanlığı TRT 1 kanalında nümayiş olunan "Qızıl Alma" serialında geniş yer alıb. Mübariz İbrahimovun adını daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdır.

2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub. 2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib. Mübariz İbrahimova həsr edilən "Müqəddəs zirvə" adlı film çəkilib. Nə qədər onun haqqında yazılsa da, yenə də Mübarizlə bağlı olan fikirlərə, sözə nöqtə qoyulmur. Hər tərəfdən Mübariz işığı görünür, Azərbaycanı şölələndirir.

Mübariz adını doğrultdu. Vətəninin mübarizliyini dünya bir daha sübut etdi. Bu ad hər Azərbaycanlının qəlbindədir! Şəhid MÜBARİZİMİZ YAŞAYIR!!!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə