Sağlam düşüncəli gənclər ordusu formalaşıb

Sağlam düşüncəli gənclər ordusu formalaşıb

Masallı rayonun 2020-ci ilin "Gənclər Paytaxtı" elan olunması gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafına daha da təkan verəcək

Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət-gənclər siyasəti, Sərnəcamları ilə təsdiq olunuan Dövlət Proqramları gənclərin inkişafında, onların potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmasında, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsində əhəmiyyətli rol oynayır. Görülən işlərin davamı olaraq gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi ilə 2020-ci il Azərbaycan Respublikasında dövlət başçısının Sərəncamı ilə "Könüllülər ili" elan edildi. Əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmış ölkəmizdə xalqına, dövlətinə bağlı insanlar qarşılığını gözləmədən iradəsi və sərbəst seçimi əsasında ictimai faydalı fəaliyyəti göstəriblər. Həyata keçirilən könüllülük fəaliyyətinin əsasında cəmiyyət naminə təmənnasız işlər görülür. İnanırıq ki, bu il könüllülərin dövlətimizə, xalqımıza xidmət fəaliyyətində səmərəli illərdən olacaq. Bu gün ölkəmizin hər bir bölgəsində intellektual, fəal gənclik formalaşıb. Gənclərə ayrılan daha bir diqqətdir ki, Masallı rayonu 2020-ci ilin "Gənclər Paytaxtı" elan olunub. Keçirilən səsvermədə Azərbaycanın 16 şəhər və rayonu iştirak edib. Səsvermənin ilk günlərində Masallı rayonu birinci sıraya yüksəlib və sonadək liderlik mövqeyini əldən verməyib. 40,3 faiz səs toplayaraq "Gənclər Paytaxtı 2020" adına layiq görülüb.

Bu layihə ölkəmizdə Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilir. 2012-ci ildən mütəmadi olaraq hər il keçirilən «Gənclər Paytaxtı» internet səsverməsi nəticəsində 2012-ci ildə Gəncə şəhəri, 2013-cü ildə Biləsuvar rayonu, 2014-cü ildə Quba şəhəri, 2015-ci ildə İsmayıllı rayonu, 2016-cı ildə Şəmkir rayonu, 2017-ci ildə Balakən rayonu, 2018-ci ildə Naxçıvan şəhəri, 2019-cu ildə isə Şamaxı rayonu «Gənclər Paytaxtı» adına layiq görülmüşlər. "Gənclər Paytaxtı" 1 il müddətinə seçilir. Bu müddət ərzində, həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir. İl ərzində şəhərin gənclər təşkilatlarına, fərdi gənclərin təşəbbüslərinin dəstəklənməsinə diqqət artırılır.

Masallıda da cəmiyyətin aparıcı qüvvəsinə çevrilən, ictimai həyatda fəallıqları ilə tanınan gənclər çoxdur. Bu, bütövlükdə, Azərbaycan dövlətinin gənclərin ictimai-siyasi fəallıqlarına, müxtəlif sahələrdə qazandıqları əhəmiyyətli uğurlara verdiyi yüksək qiymətdir. Azərbaycan gəncləri bundan sonra da gördüyü işlərlə, qazandığı yeni-yeni nailiyyətlərlə ölkəmizin daha da inkişaf etdirilməsinə öz töhfələrini verəcəklər.

Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan yüksək səviyyədə inkişaf edir. Bu inkişaf Masallıda da özünü büruzə verir və verməkdədir. Çox təqdirəlayiq bir haldır ki, dövlət başçısının təşəbbüsü ilə bu gün rayonda müasir standartlara uyğun Gənclər Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzin fəaliyyəti nəticəsində gənclərin dünyagörüşü, intellektual səviyyəsi daha da yüksəlib. Burada ən son texnologiyaya əsaslanan səs avadanlığı quraşdırılıb, xarici dil kursları da təşkil olunub. Bütövlükdə mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində və onların intellektual səviyyələrinin artırılmasında mühüm rol oynayır.

Masallı Olimpiya İdman Kompleksi də gənclərin ixtyarındadır. Kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, örtülü üzgüçülük hovuzu, süni örtüklü voleybol və basketbol meydançaları, iki tennis kortu, mini-futbol meydançası daxildir.

Bu, bütövlükdə, Azərbaycan dövlətinin gənclərin ictimai-siyasi fəallıqlarına, müxtəlif sahələrdə qazandıqları əhəmiyyətli uğurlara verdiyi yüksək qiymətdir. Azərbaycan gəncləri bundan sonra da gördüyü işlərlə, qazandığı yeni-yeni nailiyyətlərlə ölkəmizin daha da inkişaf etdirilməsinə öz töhfələrini verəcəklər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə