Heydər Əliyev Fondunun layihələri Azərbaycan haqqında geniş təsəvvür yaradır

Heydər Əliyev Fondunun layihələri Azərbaycan haqqında geniş təsəvvür yaradır

Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək və Onun azərbaycançılıq məfkurəsini təbliğ edən Heydər Əliyev Fondu milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması, dövlətin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası prosesi kimi, ali dəyərlərə xüsusi diqqət yetirərək, bu istiqamətdə böyük layihələr həyata keçirir. Azərbaycanın məxsusi dəyərlərini, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındə Azərbaycanın ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarların təşkilində, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına önəm yetirir.

Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Onun bütün nəsillərə örnək olan irsini təbliğ etmək məqsədi ilə fəaliyyətə başlayan Heydər Əliyev Fondu Azərbaycanın sosial inkişafına xidmət edən genişmiqyaslı proqram və layihələrin icraçısına çevrilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın təşəbbüsü və məqsədyönlü fəalliyyəti nəticəsində, fond fəaliyyəti dövründə müxtəlif sahələri əhatə edən çoxsaylı layihələr reallaşdırmış, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurmuşdur. Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri - "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəb" proqramları, "Təhsilə dəstək" layihəsi, qısa bir zaman məsafəsində, böyük uğurlara səbəb oldu. Heydər Əliyev Fondunun xüsusi diqqət yetirdiyi prioritet sahələrdən olan ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasıdır. "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində dini abidələrdə bərpa işləri aparılıb.

Mehriban xanım Əliyeva azərbaycançılıq ideyalarının çarçısı olaraq Azərbaycandan kənarda da amalını gerçəkləşdirmək yönümündə irimiqyaslı layihələri ilə çıxış edir. Onun böyük təşəbbüsü ilə müasir dövrümüzdə fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Sözsüz ki, belə dövlətlərdə nümayəndəliklərin yaranması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətlidir. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırılmasında, birmənalı olaraq, fəaliyyətini davam etdirir. Bildiyimiz kimi, hər il dünyanın bir sıra böyük şəhərlərində - Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirilir ki, bunların hər birində təşəbbüskar Heydər Əliyev Fondudur.

Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi sahələrdən biri də elm və texnologiyadır. Azərbaycan həqiqətlərinin internet şəbəkəsi vasitəsilə dünyaya yayılması və xalqımızın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədi ilə fond tərəfindən materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə, istifadə olunmuş internet texnologiyalarına görə ölkəmizdə analoqu olmayan "Azərbaycan" internet portalı yaradıldı. Azərbaycan, ingilis və rus dillərində tərtib olunan "Azərbaycan" portalı ölkəmizin beynəlxalq aləmdə təbliği işinə, dünyada Azərbaycan haqqında tam, həqiqi və dolğun təsəvvür yaradılmasına böyük kömək göstərir. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən müxtəlif saytlar və multimedia diskləri hazırlandı. 2005-ci ildən başlayaraq Azərbaycan, ingilis və rus dillərində Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətlərinə həsr olunmuş saytlar, multimedia diskləri, həmçinin, fondun fəaliyyətini əks etdirən sayt yaradılaraq ictimaiyyətin istifadəsinə verildi.

Heydər Əliyev ideyalarını daşıyıcısı olmaq vəzifəsini üzərinə götürən Mehriban Əliyeva Dahi Şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar nəşr etdirməyi də diqqətdən kənarda saxlamayaraq "Görkəmli şəxsiyyətlərin həyatı" silsiləsindən Azərbaycan, rus, ingilis və fars dillərində "Heydər Əliyev" kitabı çap olundu. Daha sonra Ulu Öndərin kəlamları toplanmış ikicildlik "Heydər Əliyev. Müdrik fikirlər" kitabı işıq üzü gördü.

Azərbaycan haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa önəm verən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələr sırasında "Qarabağ həqiqətləri" bukletlər toplusunun nəşri xüsusi əhəmiyyətə malikdir. Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə dəyən ziyan, Xocalı soyqırımı, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdiyi terror aktları haqqında faktları əks etdirən və ingilis, fransız, alman, rus, macar dillərində nəşr olunmuş bukletlər indiyədək bir çox xarici ölkələrdə yayılmışdır. "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və digər tarixi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir.

"Qarabağ həqiqətləri" silsiləsinin, davamı olaraq, 2007-ci ildə Heydər Əliyev Fondu Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edən "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində nəşr etdirdi. Kitaba işğal olunmuş rayonlarımızdakı mədəni sərvətlərimizin siyahısı, xəritələr, habelə, Ermənistan ərazisində və işğal altındakı bölgələrimizdəki tarixi və mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyətini əks etdirən videomateriallar əlavə olunub. Rus alimi, yazıçı-tarixçi, professor Rudolf İvanovun "Bəyazidin müdafiəsi: həqiqət və yalan", "Əlahəzrətin general - adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan", "Sovet İttifaqı adından" kitabları rus dilində nəşr olunub.

Heydər Əliyev Fondu nəşləri sırasında fransız dilində çap edilən "Azərbaycan" kitabı xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, etnoqrafik xüsusiyyətlərini əks etdirməklə yanaşı, ölkəmizin keçmişini və bu gününü, müasir simasını da təcəssüm etdirir. Bu kitab oxucuda ölkəmiz haqqında əyani təsəvvür yaratmaq, onu tanımaq və sevmək baxımından çox böyük əhəmiyyətə malikdir. Kitabda paytaxt Bakı ilə bərabər, bütün bölgələr barədə şəkillər və materiallar əksini tapmışdır. Ölkəmizin qədim tarixinin, memarlığının, mədəniyyətinin bütün tərəfləri ilə əks olunduğu "Azərbaycan" nəşri ilə tanışlıq respublikamız və paytaxt Bakı haqqında dolğun təəssürat yaratmaqla, onun mədəniyyətlər və sivilizasiyaların qovuşuğunda yerləşməsindən xəbər verir.

Qədim tarixi olan Azərbaycan zəngin mədəniyyətə və incəsənətə malikdir, müxtəlif sivilizasiyaların kəsişməsində yerləşir. Azərbaycan öz mədəniyyətində müxtəlif sivilizasiyalara məxsus aspektləri əks etdirir. Buraya Yaxın Şərq, rus, yəhudi və digər xalqların mədəniyyət aspektləri daxildir. Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti və mətbəxi onun yaxın qonşuluq siyasətində mühüm rola malik olmasını sübut edir.

Fondun prezidenti Mehriban Əliyevanın fəaliyyətində bu strateji istiqamətlərdə möhtəşəm layihələr davam edir. Belə ki, Heydər Əliyev Fondu tərəfindən Azərbaycana həsr olunan iki yeni nəşr hazırlanır. Hazırda bu kitablarda yer alacaq mövzular üzrə fotoçəkilişlərə başlanılıb. Fondun Azərbaycana həsr olunan nəşrində xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, ölkənin müasir simasını, flora və faunasını təcəssüm etdirən fotoşəkillər və müvafiq məlumatlar əksini tapacaq. Heydər Əliyev Fondunun hazırladığı digər nəşrdə isə Azərbaycan barədə müxtəlif sahələr üzrə məlumatlar toplanacaq. Nəşrdə ölkənin iqtisadiyyat, ekologiya, mədəniyyət, idman və s. sahələri, multikulturalizm ənənələri, turizm imkanları və digər istiqamətlər əhatə olunacaq, müvafiq fotoşəkillər yer alacaq. Oxucular bu nəşrlərlə Azərbaycan barədə müfəssəl məlumat əldə etməklə yanaşı, ölkə ilə yaxından tanış olacaq, fotoşəkillər vasitəsilə Azərbaycana virtual səyahət edə biləcəklər.

Göründüyü kimi, Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin təbliği sahəsində gördüyü işlər əvzsizdir. Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən qədim ölkə olan Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə bu şəkildə yanaşma yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr vermişdir. Bu proses indi də davam edir. Heydər Əliyev Fondu Azərbaycanın beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına öz töhfələrini verir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə