Azərbaycanlı gənc Avropa Gənclər Forumunun eksperti seçilib

Azərbaycanlı gənc Avropa Gənclər Forumunun eksperti seçilib
Gələcəyə Körpü Gənclər İctimai Birliyinin sədri Mikayıl Zeynalov 2011-2012-ci illər üçün Avropa Gənclər Forumunun Şərqi Avropa və Qafqaz ölkələri üzrə eksperti seçilib. SİA-nın məlumatına görə, Mikayıl Zeynalov Azərbaycan, Rusiya, Moldova, Gürcüstan, Ermənistan, Belarusiya və Ukraynada olan gənclər təşkilatlarını Avropa Gənclər forumuna üzv olan beynəlxalq gənclər təşkilatları ilə əlaqələndirmək üçün məsul işçi qrupda çalışacaq. Eyni zamanda, sözü gedən ölkələrdə olan gənclər təşkilatlarının milli şuralarının üzvləri ilə işləmək və əməkdaşlığı genişləndirmək də onun vəzifələrinə daxildir.
Qeyd edək ki, Mikayıl Zeynalovun bu vəzifəyə namizədliyi Avropa Gənclərin Mübadilə və Anlaşma Şəbəkəsi tərəfindən irəli sürülüb. O 2006-2010-cu illər ərzidə bu şəbəkənin idarə heyətinin üzvü sonra isə vitse-presidenti olub.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Avropa Gənclər Forumu 1996-ci ildə yaradılıb. Hazırda 99 üzvü var, bunun 39-u milli şura 60-ı isə beynəlxalq gənclər təşkilatlarıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə