Gənclər paytaxtı - Masallı

Fevralın 2-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə 2019-cu ildə yüksək fəallığı ilə seçilən gənclər və gənclər təşkilatları mükafatlandırılıblar.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, dövlət və hökumət rəsmiləri, universitetlərin rektorları və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə 2019-cu ildə Azərbaycan gənclər sahəsində həyata keçirilən tədbirləri, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərlə bağlı fikirlərini əks etdirən videoçarx yayımlanıb.

Mərasimdə Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlar, bu sahədə reallaşdırılan proqram, strategiya və layihələr, gənclərimiz üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 1997-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq məhz Azərbaycanda Gənclər Gününün təsis olunması gənc nəslə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Həmin tarixdən başlayaraq, Azərbaycan Gəncləri Günü respublikamızda geniş qeyd olunur. Gənclər və İdman Nazirliyi tərəfindən hər il bu əlamətdar gün münasibətilə müxtəlif tədbirlər keçirilir ki, istedadlı və yaradıcı gənclərin mükafatlandırılması da məhz belə tədbirlərdən biridir.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən danışıb. Bildirib ki, 23 ildir gənclərimiz ulu öndər Heydər Əliyevin təsis etdiyi Azərbaycan Gəncləri Gününü təntənəli şəkildə qeyd edirlər. Bu dövr yaddaşlarda Azərbaycan dövləti tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğı illəri kimi qalıb. Nazir ötən il ölkəmizin, o cümlədən gənclərimizin həyatında uğurlu il olduğunu və bir çox nailiyyətlərlə yadda qaldığını vurğulayıb.

Mərasimdə Masallı şəhərinin 2020-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi rəsmən elan edilib. Bildirilib ki, Masallı “www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin qalibi olub.

“Gənclər paytaxtı”nın rəmzi açarı Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafoa təqdim edilib.

Sonra Masallı şəhəri barədə videoçarx nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə