Gənclik yeni nəfəs, yeni ruhdur - ŞƏRH

Gənclik yeni nəfəs, yeni ruhdur - ŞƏRH

Prezident İlham Əliyev: "Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır"

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir" deyən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin amalında Azərbaycan gənclərində ölkənin uğurlu inkişafına istiqamətləndirə biləcək potensialın yaradılması dayanır. Son 16 ildə görülən işlərə baxsaq, yüksək intellektual bacarıqlara malik olan və ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərən gənclər ordusunun formalaşdığını görmüş olarıq. Hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə uğurla çalışır, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Bu gün Azərbaycan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə islahatlar dövrünü yaşayır və bu islahatların əsas istiqamətlərindən biri də ölkənin iqtisadi potenisalının qeyri-neft sektoru əsasında, yəni kənd təsərüfatının, sənayenin və digər sahələrin möhkəmləndirilməsi dayanır. Bu baxımdan, gənclərimiz Cənab Prezidentin tövsiyəsi əsasında öz bilik və bacarıqlarını genişləndirərək, müasir dövrün tələblərinə uyğun olaraq, formalaşıb ölkəmizin inkişafına töhfə verməkdədirlər.

Ötən il fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyev gənclərə mühüm tövsiyə və tapşırıqlarını vermişdi. Xüsusilə, gənclərin vətənpərvərlik ruhunda yetişmələrinin zəruriliyini qeyd edərək, müasir dövrdə gənclərimizin əsas vəzifələrinin müstəqilliyimizi möhkəmləndirmək olduğunu vurğulayaraq, gənclərə öz inamını və dəstəyini bəyan etmişdi. Cənab Prezidentin gənclərlə səmimi, dost kimi dialoq formasında nitqini qurması böyük əhəmiyyətə malik hadisə oldu. Azərbaycan gənclərinin böyük imtiyazlara malik olduğunu qeyd edən Cənab Prezident, gənclərin qarşısında konkret vəzifələr qoyaraq, Azərbaycanın gələcək inkişafının gənclərin əlində olduğunu xüsusi vurğulamışdı. O, Azərbaycan sərhədlərini qoruyanların, vətənin müdafiəsində dayananların mütləq əksəriyyətinin gənclər olmasını vurğulayaraq, onların Azərbaycan cəmiyyətində iştirakının mühüm əhəmiyyətə malik olduqlarını qeyd etmişdi. Azərbaycanın dövlət müstəqilliyinin əbədi və əzəli olduğunu deyən Cənab Prezident bunu qorumaq və saxlamaq üçün gənclərin yaxşı təhsil almalarını, çox çalışmalı olduqlarını, peşələrinə yaxşı yiyələnmələrini və vətənpərvər olmağı gənclərə tövsiyə etmişdi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və hər il yüksək təntənə ilə qeyd edilən 2 Fevral Azərbaycan Gəncləri Günü əlamətdar hadisəyə çevrilib. Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət-gənclər siyasəti haqqında" Fərman və geniş Fəaliyyət Proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərlə böyük qayğısının sübutu idi. Bütün bunlar gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratmaqla yanaşı, dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsi baxımından da, olduqca əhəmiyyətli idi.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" dövlət-gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Həmin Dövlət Proqramının icrası nəticəsində, dövlət-gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət-gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər.

Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi gənclərin fəaliyyətin stimullaşdırılmasında növbəti mərhələ oldu.

Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri etdiyindən gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə dövlət başçısı 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyev gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodlarının tətbiqi zərurəti ilə əlaqədar "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənəd Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə geniş imkanlar açıb. Cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılıb, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artıb.

Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır. Hər zaman adlarını fəxrlə çəkdiyimiz Mübariz, Fərid, Murad, Samid, Ruhin, Elnur, aprel döyüşlərinin onlarla qəhrəmanı bu gün Azərbaycanımızda yüzlərlə, minlərlədir. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir deyən ölkə Prezidenti İlham Əliyev bildirib ki, haqlı olaraq gənclərimizlə fəxr edə bilərik: "Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur... Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir".

Dövlətin gənclərə göstərdiyi diqqət və qayğı, həm də gənclərin üzərinə böyük məsuliyyət qoyur. Cənab İlham Əliyevin vurğuladığı kimi, "Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır".

Müstəqil Azərbaycanın çiçəklənməsi, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsi istiqamətində gənclərimiz səylə çalışaraq, ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizi uğurlu gələcəyə aparan bu siyasətə dəstək verirlər.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə