2 Fevral Azərbaycan Gəncləri Günüdür
Bu gün Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəslənilir və ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
Azərbaycan bütün gücü ilə inkişaf edən ölkədir. Onun xarici görkəmini dəyişən tikintilər, günü-gündən güclənən milli ordu, möhkəm və etibarlı siyasət dövlətin gələcəyinə uğurla və inamla addım atmağa şərait yaradır. Son 16 ildə görülən işlərə baxsaq, yüksək intellektual bacarıqlara malik olan və ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərən gənclər ordusunun formalaşdığını görmüş olarıq. Hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə uğurla çalışır, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır.
İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bütün dünyada, həm də informasiya müharibəsinin getdiyini nəzərə alsaq, vətəndaşlarımız, xüsusilə, gənclərimiz daha çox maarifləndirilir, onlara daim ayıq-sayıq olmaları, elmli, savadlı gənclik olaraq yetişmələri aşılanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti, sovet məkanında yaşadığımız illərə təsadüf edir. Belə ki, Ümummilli Lider Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və
məsuliyyətini yüksəltmək istiqamətində məqsədyönlü gənclər siyasətini həyata keçirib. Bu siyasətin davamı olaraq, Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqillik dövründə gənclər siyasətinə önəm verərək, onların təşkilatlanmasına xüsusi diqqət ayırır. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq, vahid gənclər siyasəti hazırlanıb həyata keçirildi. Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət-gənclər siyasəti haqqında" Fərman və geniş Fəaliyyət Proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərlə böyük qayğısının sübutu idi. Bütün bunlar gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratmaqla yanaşı, dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsi baxımından da, olduqca əhəmiyyətli idi.
Ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.
Dövlət başçısının gənclərin xaricdə təhsil almalarına dəstək verən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar açmış oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinin savadına, bacarığına və gələcəyinə böyük inam bəsləyir: "... Hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".
Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin ölkədə "Gənclər İli" elan olunması da Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq Dövlət Proqramının səmərəli həyata keçirilməsi istiqamətində əhəmiyyətli oldu. Həyata keçirilən tədbirlər, islahatlar, dövlət proqramları əsasında, deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyev gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodlarının tətbiqi zərurəti ilə əlaqədar "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənəd Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə geniş imkanlar açıb. Cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılıb, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artıb.
Bütün bunlarla yanaşı, ölkəmizdə könüllülük hərəkatı inkişaf edib. Son illər ölkəmizdə həyata keçirilən beynəlxalq və qitə miqyaslı tədbirlərdə, o cümlədən, idman yarışlarında gənclərin könüllülər qrupunda təmsil olunması vətənpərvər, milli köklərə bağlı, müasir dünyagörüşlü, şəxsi keyfiyyətləri yüksək olan vətəndaş kimi formalaşmasını özündə təcəssüm etdirir. Könüllülük fəaliyyəti gənclərdə faydalı əmək və həmrəylik kimi dəyərlər aşılamış olur. Bildiyimiz kimi, 2020-ci il Azərbaycan Respublikasında dövlət başçısının Sərəncamı ilə "Könüllülər İli" elan edildi. Bu Sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır. Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Öz iradəsi və sərbəst seçimi əsasında, əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti həyata keçirən könüllülük fəaliyyətinin əsasında, cəmiyyət naminə təmənnasız işlərin görülməsi dayanır. Bu fəaliyyətlə məşğul olanlar digər şəxslərə kömək etməklə yanaşı, öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanırlar. Ölkəmizdə könüllülük fəaliyyəti üçün hər cür şərait yaradılıb, bu istiqamətdə zəruri hüquqi baza mövcuddur. Bütün dövlət qurumları tərəfindən bu fəaliyyətə cəlb olunmuş təşkilat və şəxslərə lazımi dəstək göstərilir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ-hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. İndiyədək 30 minə yaxın könüllü müxtəlif dövlət qurumlarında könüllülük fəaliyyətinə cəlb edilib. Keçirilən tədbirlər ölkəmizdə vüsət almış gənclər siyasətinin tərkib hissəsidir. Hazırda ölkəmizdə yürüdülən gənclər siyasətinin mərkəzində gənclərin maraqları, onların potensiallarının artırılması və cəmiyyətə yararlı vətəndaş kimi yetişmələri dayanır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə