BDU-da 31 mart azərbaycanlıların soyqırımı günü münasibətilə anım tədbiri keçirilib

BDU-da 31 mart azərbaycanlıların soyqırımı günü münasibətilə anım tədbiri keçirilib
Bu gün Bakı Dövlət Universitetində (BDU) 31 mart azərbaycanlıların soyqırımı günü münasibətilə anım tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə giriş sözü ilə çıxış edən BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov bildirib ki, qəddar ermənilər hər zaman Azərbaycana, türk millətinə qarşı düşmənçilik niyyətində olub. Onun sözlərinə görə, 1918-ci ilin mart-aprel aylarında ermənilərin işğalları daha geniş vüsət alıb: "31 mart soyqırımı qan yaddaşının təməlinə şovinizm hakim olan ermənilərin törətdiyi qanlı faciələrin ən dəhşətlisi idi. Erməni daşnakları 3 gün ərzində Bakıda 17 min azərbaycanlının həyatına son qoyub, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirib, qiymətli tarixi abidələri məhv ediblər.

Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də bu cür qanlı faciələr törədilib. Mart hadisələri zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsində azərbaycanlıların yaşadığı 150-dən çox kənd xarabalığa çevrilib, Şuşada görünməmiş qırğınlar törədilib. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilib, məscidlər, məktəblər yandırılıb, dağıdılıb. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilib, əhalisi qətlə yetirilib".

Onun sözlərinə görə, bu gün milli düşüncəni, təəssübkeşliyi ortaya qoyaraq bunu daha da genişləndirməliyik. O bildirib ki, ikili standartlar tarixən olub və bu tək ermənilərin işi deyil: "Uzun illər bu hadisələrə hüquqi və siyasi qiymət verilməyib. Biz hər zaman tarixin keçmiş, acı dərslərindən nəticə çıxarmalıyıq. Bu hadisəyə yalnız 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi qiymət verilib".

Tədbirin davamında universitetin tələbələri soyqırımı hadisələrini əks etdirən müxtəlif səhnələr göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə