Belarusda Həzi Aslanovun 110 illiyinə həsr olunmuş təntənəli mitinq-rekviyem keçiriləcək

Belarusda Həzi Aslanovun 110 illiyinə həsr olunmuş təntənəli mitinq-rekviyem keçiriləcək
Bu gün Belarusun Vileyka şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illiyinə həsr olunmuş təntənəli mitinq-rekviyem keçiriləcək. SİA bu barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir. MDB-yə üzv dövlətlərin rəhbərləri tərəfindən təsdiq olunan, Qələbənin 75 illiyinə hazırlıq və bayramın qeyd olunmasına dair əsas Tədbirlər Planı çərçivəsində bu il konfranslar, seminarlar, tarixin saxtalaşdırılmasına qarşı aparılan hərbi-elmi işlərə dair beynəlxalq müsabiqələr, kinofestivallar, uşaq rəsmləri, fotoşəkil müsabiqələri təşkil ediləcək. Bundan başqa, Plana Böyük Vətən müharibəsi iştirakçılarının və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi, həmçinin Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi məsələləri daxil edilib. Belə tədbirlərdən biri - Belarus ərazisində keçiriləcək təntənəli mitinq-rekviyem Azərbaycan xalqının qəhrəman oğlu, Belarusun Vileyka şəhərini azad edən tank briqadasının rəhbəri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunacaq. Qələbənin yubileyi ilə bağlı qəhrəmana ucaldılan abidənin bərpa olunduğu Vileykada təşkil ediləcək tədbirdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Birliyin nizamnamə və digər orqanları yanında Azərbaycanın daimi səlahiyyətli nümayəndəsi Lətif Qəndilov, Birliyin nizamnamə və digər orqanları yanında Belarus Respublikasının daimi səlahiyyətli nümayəndəsi Marina Dolqopolova, MDB-yə üzv digər ölkələrin səfirləri və daimi nümayəndələri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski iştirak edəcəklər. Qeyd edək ki, Həzi Aslanov Qərbi Ukraynada, Kiyev, Xarkov yaxınlığında, Krımda gedən döyüşlərdə vuruşub. O, iki dəfə yaralanıb. H.Aslanov Sovet İttifaqı Qəhrəmanı adına birinci dəfə Stalinqrad uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə layiq görülüb. "Baqration" əməliyyatı zamanı o, 35-ci qvardiya tank briqadasına rəhbərlik edirdi. 1944-cü il iyunun 28-də H.Aslanovun briqadası Berezina çayını keçib, lakin yolların pis vəziyyətdə olması səbəbindən hərəkət dayandırılıb. H.Aslanovun rəhbərlik etdiyi avtomatçılar batalyonu və bronetransportyor qrupu düşmənin arxa cəbhəsinə hücuma keçərək Minsk vilayətinin Loqoysk rayonunun Pleşenitsa qəsəbəsini azad edib. Bu, bütün korpus üzrə hücuma keçməyə imkan verib. Briqadaların gücü sayəsində növbəti hücumlarda Vileyka, Borisov və Smorqon şəhərləri düşməndən azad edilib. Briqadanın döyüşçüləri, həmçinin Minskin və Vilnüsün azad edilməsində iştirak ediblər, Tukums şəhərinə birinci daxil olub və Riqa körfəzinin sahillərinə çıxıblar. Döyüşlər nəticəsində düşmən xeyli itki verib. Bu igidliyinə görə Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilib. 1945-ci ilin yanvar döyüşlərində Latviya SSR-in Priyekule şəhərində H.Aslanov fədakarcasına, faşistlərin çox güclü atəşi altında düşmən ordusunun cəbhə xəttinin yarılmasına rəhbərlik edib. 1945-ci il yanvarın 24-də o, düşmənin snayper atəşi nəticəsində həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə