"Din, inanc forması olaraq, planetimizdə milyardlarla insana ümid verir və mənəvi rahatlıq gətirir". Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində "İş yerində din və inanc azadlığının qorunması" mövzusunda keçirilən müzakirələrdə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva çıxışı zamanı bildirib.
"Lakin bəşəriyyət dinin bir çox insanların, bəzən də xalqların etiqad hüququnu pozan ixtilaf, münaqişə və müharibələrin mənbəyinə çevrildiyi bir çox hadisələrə şahid olub", deyən S.Fətəliyeva yer üzündə dini etiqad hüququ uğrunda gedən bu mübarizənin əsrlər boyu davam etdiyini vurğulayıb. Azərbaycanın Qərb və Şərqin müxtəlif sivilizasiyalarının qovuşduğu yerdə yerləşdiyini və ölkəmizdə tarix boyu tolerantlıq və multikulturalizm ənənələrinin formalaşdığını diqqətə çəkərək, zəngin tariximizin ayrı-ayrı dövrlərində ölkəmizin bir çox mədəniyyətlərin və dini konfessiyaların nümayəndələrinin doğma evinə çevrildiyini, tolerantlıq və dini dözümlülüyün inkişaf etdiyini bildirib: "Bu gün dini və milli dözümlülük dövlət səviyyəsində təbliğ olunur, ölkənin etnik və dini müxtəlifliyi isə qürurumuzun mənbəyi olan, milli sərvət olaraq, qiymətləndirilir. İndiki mərhələdə Azərbaycanın dövlət-din münasibətlərindəki uğuru, əsasən, ölkə rəhbərliyinin din sahəsində seçdiyi düzgün siyasətin nəticəsidir.
Qeyd edək ki, son vaxtlara qədər ölkəmiz dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun iştirakçısı idisə, indi Azərbaycan beynəlxalq təhlükəsizliyi olduqca ciddi təhdid edən dini zəmində qarşıdurmaların qarşısının alınması məsələsində hərəkətverici qüvvəyə çevrilmişdir. S.Fətəliyeva çıxışında 2016-cı ilin ölkəmizdə "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edildiyini iştirakçıların diqqətinə çatdırıb. "Bu addımlar dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlaşma, əməkdaşlıq və dialoq təşviq edən xoş niyyət çağırışı oldu" deyə bildirib.
O, çıxışı zamanı iştirakçıların diqqətinə çatdırıb ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır. Buna baxmayaraq, dövlət dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir deyərək, son vaxtlar Bakıda və bölgələrdə çoxsaylı kilsə və məbədlər, yəhudi sinaqoqlarının əsaslı təmir edildiyini söyləyib: "Ölkəmizin tolerantlığını Avropa Şurasının üzvü olmaqla yanaşı, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olması faktı da təsdiqləyir. Avropa Oyunlarından sonra Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, simvolik olaraq, bir daha nümayiş etdirir ki, Azərbaycan mədəniyyətlər və dinlər arasında dialoq mərkəzinə çevrilib".
O, çıxışında əzəli Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına da toxunaraq, etnik təmizləmə və milli zəmində bir milyon qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, dövlət tərəfindən qorunan erməni kilsəsinin hələ də Bakının mərkəzində dayandığını və bunun da qonşularımızdan fərqli olaraq, xalqımızın dözümlülüyünün və tolerantlığının əvəzsiz sübutu olduğunu bildirib: "2019-cu ilin noyabr ayında Bakıda keçirilən Dünya Dini Liderlərinin II Zirvəsinin açılışında çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, dini ayrı-seçkiliyin, dindən siyasi məqsədlər üçün istifadə edilməsinin, münaqişələrə dini don geyindirilməsinin, münaqişələr zamanı tarixi və dini abidələrin məhv edilməsinin qarşısının alınması, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparılması və ənənəvi dəyərlərin təbliği əsas məsələlərdəndir. Bu sözlər müasir Azərbaycanın bütün dini konfessiyaların nümayəndələrinin tam əmin-amanlıq və mütləq harmoniya şəraitində yaşadıqları və təhlükəsizliyinin dövlət tərəfindən təmin olunduğu dünyəvi bir dövlət olmasının bariz nümunəsidir".
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB