"Azərbaycan media azadlığına böyük imkanlar təmin edən demokratik ölkədir"

"Azərbaycan zəngin mətbuat ənənələrinə malik, media azadlığına böyük imkanlar təmin edən demokratik ölkədir. Azərbaycanda həyata keçirilən demokratik islahatlar söz və mətbuat azadlığının möhkəmlənməsinə, medianın ictimai təsir gücünün və nüfuzunun artmasına təkan verib". SİA xəbər verir ki, bu sözləri "Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər" mövzusunda britaniyalı parlamentari Corc Foulkesin hazırladığı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

Azərbaycanda media azadlığının təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verən Sahibə Qafarova bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığı çox möhkəm hüquqi baza ilə təminat altına alınıb, ölkənin əsas qanununda-konstitusiyasında bu hüquqa yer verilib: "Söz və mətbuat azadlığı, medianın sərbəst fəaliyyəti, pluralism və informasiya təminatı məsələlərinə dair ən müxtəlif qanunlar qəbul olunub. Dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan medianın formalaşması və inkişafıdır. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı Fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edir. Yaradılan əlverişli mühitin nəticəsidir ki, bu gün ölkədə yüzlərlə mətbu orqanı dövlət qeydiyyatına götürülüb, 4500-dən artıq KİV mövcuddur. Ölkə əhalisinin 80 fazindən çoxu internet istifadəçisidir, internet tam azaddır. Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı 3 milyondan artıqdır. “Az” domeni ilə qeydiyyatdan keçən saytların sayı 20 mini keçib. 300-ə yaxın xəbər və analitik internet saytı var. İstənilən şəxs domen almaqla media fəaliyyətinə başlaya bilər".

Sahibə Qafarova həmçinin onu da vurğulayıb ki, Azərbaycan öz demokratik yolla inkişaf məqsədinə sadiqdir və atılan addımlar, o cumlədən, azad, müstəqil və güclü medianın formalaşmasına xidmət edən tədbirlər də məhz bu məqsədə xidmət edir. "Tam qətiyyətlə vurğulaya bilərik ki, Azərbaycanda jurnalistlərə qarşı heç bir diskriminasiya hallarına yol verilmir. Heç bir jurnalist peşə fəaliyyətinə görə həbs olunmayıb", - deyən S.Qafarova Ermənistan təmsilçilərinin müzakirələr zamanı səsləndirdiyi fikirlərə də münasibət bildirib. "Onların ölkəsi olan Ermənistan bir neçə dəfə bu məruzədə tənqid olunur. Ermənsitanda medianın vəziyyəti heç də onun təmsilçilərinin iddia etdikləri kimi, ürəkaçan deyil", - deyən S.Qafarova Ermənistan təmsilçilərinin iddialarını cavablandırıb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...