Seçkiərəfəsi növbəti qarşıdurma

Bu dəfə "VİP" - "REAL" qarşıdurması

Dağıdıcı düşərgə "liderləri" ölkədə keçirilən hər seçkiərəfəsi nəsə "yenilik" etmək istəkləri ancaq qarşıdurma ilə başlayır. Bu da, səbəsiz deyil. Necə deyərlər, aşığın sözü qurtaranda, "yarım-yarım" dediyi kimi, bir-biriləri ilə ziddiyyətlər aparmaqla, olmayan varlıqlarını da nümayiş etdirmək istəyirlər. Növbəti qarşıdurma da "VİP"-"REAL" arasında baş verib, bu da səbəbsiz deyil. Belə ki, qarşıdan gələn parlament seçkilərində Vətəndaş və İnkişaf Partiyasının təmsil olunmayacağı haqqında qərar bəlli idi. Hətta müxalifət partiyasının sədri Əli Əliyev bir neçə dəfə mətbuata, eləcə də, sosial şəbəkələrə çıxaraq qəti şəkildə seçkilərdə iştirak etməyəcəyini bəyan etmişdi. Ancaq bu günlərdə məlum oldu ki, "VİP" sədri seçkilərə qatılmaq qərarını verib, müəyyən olunmuş DSK tərəfindən onun namizədliyi belə qeydə alınıb və təşviqatını da aparır.

Bu təşviqatdan rəqabətdən daha çox, siyasi savaş qoxusu gəlir

Ə.Əliyevin qəfil qərar verib, imza toplaması isə, artıq onun düşərgənin digər cinahında təmsil olunması və təşviqata başlaması rəqiblərini çətin vəziyyətə salıb, hətta qıcıqlandırıb. Məsələ ondadır ki, müəyyən olunmuş DSK-da "VİP" sədrinin rəqibləri "REAL" partiyasının təmislçiləridir. Onlar Vəkillər Kollegiyasının üzvü Cavad Cavadlı və bir müddət əvvəl, partiyada İlqar Məmmədovun qərarları əleyhinə çıxan Azər Qasımlıdır. Yəni həm A.Qasımlının, həm də C.Cavadlının namizədliyi DSK tərəfindən qeydə alınmaqla, təşviqata başlanması çox böyük qalmaqalla yanaşı, daha çox siyasi savaşın olacağını aydın şəkildə göstərir.

Artıq "REAL" tərəfdarları ilə "VİP" təmsilçiləri arasında kəskin söz savaşlarına start verilib. Sosial şəbəkələrdə Ə.Əliyevi hədəfə alan İ.Məmmədovun partiyadaşları "VİP" sədrini sözübütöv olmamaqda, hərdəmxəyallıqda, yalan danışmaqda, onları aldadıb, son anda seçkilərə qatılmaq qərarnı verməkdə suçlayırlar.

Əli Əliyevin bu qərarı müxalifət düşərgəsində seçkidən sonra onun başını çox ağrıdacaq

Daha bir maraqlı məqam isə, parlament seçkilərini, öz təbirincə, "boykot" edəcəyini bəyan etmiş Ə.Kərimli VİP sədrinin daha öncələr seçkilərə getməmək qərarına dəstək göstərmişdi. Lakin sonradan onun fikrini dəyişməsi Kərimlinin «facebook»dakı söyüş qrupları tərəfindən hədəfə alındı. Bu gün artıq cəbhəçilər də "REAL"çılar kimi Ə.Əliyevi kəskin şəkildə təhqir obyektinə çeviriblər. Ümumilikdə götürdükdə isə, "VİP" sədrinin seçkilərə qatılmaq qərarını verməsi, daha dəqiq desək, seçimini dəyişməsi onun öz səhvini başa düşməsi anlamını daşıyır. Hər halda, ictimai-siyasi proseslərin əsas amili olan seçkilərdə iştirak siyasi fəallığın da göstəricisi kimi başa düşülə bilər. Görünür, Ə.Əliyevin bu qərarı müxalifət düşərgəsində onun başını çox ağrıdacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...