Bu gün Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədovun doğum günüdür.

Qeyd edək ki, Əli Cavad oğlu Əhmədov 1953-cü il yanvarın 27-də Ermənistan SSR Basarkeçər rayonunun Dərə kəndində anadan olmuşdur. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirmişdir. 1 dərsliyin, 50-dən çox elmi əsərin və məqalənin müəllifidir.

1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləmişdir.

1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini vəzifəsində çalışmışdır. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur.

1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında partiyanın İcra katibi seçilmişdir. Partiyanın 2005-ci ildə keçirilən III qurultayında və 2013-cü ildə keçirilən V qurultayında YAP Sədrinin müavini və İcra katibi seçilmişdir.

2000-ci ildə ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il noyabrın 6-da 19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü olmuşdur. 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Belarus, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

22 oktyabr 2013-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir.

Evlidir, 2 övladı var.

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Kavaler" ordeni ilə təltif olunmuşdur.

2013-cü yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

SƏS Media Qrup olaraq hörmətli Əli müəllimi ürəkdən təbrik edir, ona möhkəm can saglıgı ,çətin və məsuliyyətli işində uğurlar arzulayırıq!

Bütün xəbərlər Facebook səhifəmizdə