Lənkəranda gənclər üçün təlim keçirilib

“Region gənclərinin sahibkarlıq bacarıqlarının artırılması” layihəsi çərçivəsində Lənkəran rayonunda yaşayan gənclər üçün Heydər Əliyev Mərkəzində 2 günlük təlim proqramı həyata keçirilib. Təlimdə xüsusi müraciət forması əsasına seçilmiş 21 nəfər gənc iştirak edib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Şəbnəm İbadzadə Azərbaycan Gənclər Fondu və Fondun fəaliyyət istiqamətləri haqqında qeydlər etdikdən sonra layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb, onların layihədən əldə edəcəkləri bilik və bacarıqları diqqətə çatdırıb. Tədbirdə iştirak edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin direktoru Famil Məmmədov ölkədə həyata keçirilən dövlət gənclər siyasəti haqqında fikirlərini iştirakçılarla bölüşüb. O, həmçinin gənclərin bütün sahələrdə, o cümlədən sahibkarlıq sahəsində fəal iştirakını qeyd edərək müasir dövrün tələblərinə uyğun daha kreativ ideyaların həyata keçirilməsində gənclərin iştirakının vacib olduğunu önə çəkib.

Biznes və karyera planlaşdırılması üzrə təlimçi Rafət Şirəliyev təlimin 1-ci və 2-ci günü Sahibkarlıq fəaliyyəti, Biznes nümunələri, İnvestisiyaların cəlbi, maliyyə sektorları ilə əməkdaşlıq, Rəqabət yaradacaq üstünlüklər, Biznes etikası, Risklərin idarə edilməsi, Biznes plan strukturu və hazırlanması üsulu, SWOT təhlil, Rəqiblərin təhlili, Marketinq plan, 4 C üsulu, 4 P prinsipi, Biznes planların hazırlanması üçün ideyaların müzakirəsi və s. mövzularda təlim iştirakçılarını məlumatlandırıb, iştirakçılara uğurlu biznes nümunələr göstərib və qrup işləri təşkil edilib.

Tədbirin sonunda təlimin qiymətləndirilməsi aparılıb, iştirakçılardan Aygün Kazımova, Pərvanə Əsədova, Cavid Ağacanov, Fərid İskəndərzadə və digər gənclər təlimi yüksək qiymətləndirib, layihənin həyata keçirilməsinin gənclər üçün çox vacib olduğunu dilə gətiriblər. Belə bir layihənin icrası üçün Azərbaycan Gənclər Fonduna, layihə rəhbəri və təlimçiyə təşəkkürlərini bildiriblər. Yekunda iştirakçılara sertifikatlar təqdim edilib və üzərində AzGF loqosu və layihənin adı yazılmış USB yaddaş kartları hədiyyə edilib.

Layihənin həyata keçirilməsində məqsəd sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən regionda yaşayan gəncləri üzə çıxarmaq, onları biznes istiqamətində maarifləndirilmək və öz ideyalarını reallaşdırmaq üçün onlara dəstək olmaqdan ibarətdir.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə