Həzi Aslanovun 110 illiyinə həsr olunan yubiley tədbirlərinə start verilib - VİDEO

Yanvar ayının 22-də görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 ili tamam olur.

Bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Şəhidlər Xiyabanında, general Həzi Aslanovun məzar-abidə kompleksi önündə xalqımızın igid oğulları sırasında adı qəhrəmanlığın rəmzinə çevrilən, dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə mahir hərbi sərkərdə istedadı nümayiş etdirərək hərb salnaməsinə yeni parlaq səhifələr yazan tank qoşunları generalının xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin general, zabit, gizir, kursant və əsgərləri, Təhsil və Mədəniyyət nazirliklərinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, Bakı qarnizonundakı hərbi hissələrin, veteran təşkilatlarının, qəhrəmanın adını daşıyan müəssisələrin, təhsil və mədəni-maarif ocaqlarının nümayəndələri, generalın ailə üzvləri iştirak ediblər.

Əvvəlcə məzar-abidə kompleksi önünə Müdafiə Nazirliyi adından əklil qoyulub, qəhrəmanın xatirəsi ehtiramla yad edilib, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin müşayiəti ilə dövlət himni ifa olunub.
“Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin əmri ilə yaradılan Təşkilat komitəsinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani H.Aslanovun hərb tarixində müstəsna xidmətlərindən danışıb və Prezident Sərəncamının təkcə bir qəhrəmana deyil, ümumiyyətlə, İkinci Dünya müharibəsi illərində müxtəlif cəbhələrdə vuruşan, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən, həlak olan altı yüz mindən artıq Azərbaycan övladının xatirəsinə böyük ehtiramın bariz nümunəsi olmaqla yanaşı, həm də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyətinin, eləcə də gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Nəzərə çatdırılıb ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, eləcə də Kremldə məsul vəzifə tutduğu vaxtlarda xalqımızın tarixinə sonsuz hörmətlə yanaşıb, əsrlər boyu torpaqlarımıza təcavüz edən yadelli işğalçılar qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarının, görkəmli hərbi sərkərdələrin hünər və rəşadətlərini yüksək qiymətləndirib, yeni nəslin hərbi vətənpərvərlik tərbiyəsində ata-babaların qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri davam etdirməyi məsləhət görüb. Ulu Öndər əcdadlarımızın qəhrəmanlıq nümunələrinin bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olduğunu dəfələrlə qeyd edib.

Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevə görə xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qiymətləndirmədən yeni qəhrəmanlar yetişdirə bilməz. Gələcək qəhrəmanlıqların, igidliklərin təməli tariximizdədir, atalarımızın keçdiyi şanlı döyüş yolundadır.

Xatırlanıb ki, Ulu Öndər nəinki respublikamızda, həmçinin Vətənimizin hüdudlarından uzaqlarda da Azərbaycan oğullarının qəhrəmanlıqlarının təbliği, adlarının əbədiləşdirilməsi, tanıdılması istiqamətində çox mühüm işlər görüb.

Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Krımın Kerç rayonunda, Sapun-Qora yaxınlığında 77-ci, Rostov vilayətinin Taqanroq şəhərinin Sambek yüksəkliyində 416-cı Azərbaycan milli atıcı diviziyalarının şanlı döyüş yollarını əbədiləşdirmək məqsədilə üçün on hektardan çox ərazidə möhtəşəm abidə kompleksləri yaradılıb.

Həzi Aslanov, Mahmud Əbilov, Akim Abbasov, Məlik Məhərrəmov və bir çox general və zabitlərin yubileyləri dövlət səviyyəsində qeyd olunub, neçə-neçə Sovet İttifaqı Qəhrəmanının ev muzeyi yaradılıb və abidələri ucaldılıb.
Anım mərasimində vurğulanıb ki, Heydər Əliyev general-mayor Həzi Aslanovu Böyük Vətən müharibəsində döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisi kimi qiymətləndirərək “O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir”, - demişdir.

Hər il respublikamızda 9 May - Qələbə günü tədbirləri Heydər Əliyevin iştirakı ilə məhz Həzi Aslanovun məzar-abidəsi qarşısında keçirilən anım mərasimi ilə başlanardı.

Bu ənənələr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

Məlumat üçün bildirilib ki, “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Müdafiə, Təhsil və Mədəniyyət nazirliklərinin birgə tədbirlər planında nəzərdə tutulub ki, ilboyu respublikanın bölgələrində, hərbi hissələrdə, təhsil və mədəniyyət müəssisələrində beynəlxalq konfranslar, tank heyətləri arasında yarış-müsabiqələr, fotosərgilər, teatrlaşdırılmış kütləvi mərasimlər, vətənpərvərlik filmləri həftəsi keçirilisin. İl ərzində Həzi Aslanovun keçdiyi döyüş yolu və adı ilə bağlı ünvanlara ekskursiyalar təşkil olunacaq, yeni kitablar, albom, plakat və açıqcalar nəşr ediləcək, qəhrəmanın tank və mexanikləşdirilmiş digər zirehli texnikalar sahəsində yenilikləri və hərbi elmi məqalələri əsasında sənədli tədris filmi çəkiləcək, eləcə də Bakı Bələdiyyə Teatrında A.Qurbaninin “Həzi Aslanov xatirələr işığında” pyesi tamaşaya hazırlanacaq. Bundan əlavə Faşizm üzərində qələbənin 75 illiyinə həsr olunan Beynəlxalq Əsgər Mahnıları festivalı iştirakçılarının Lənkəran şəhərinə səfəri və festival çərçivəsində qəhrəman həmyerlimizə həsr olunan konsert proqramının təşkili reallaşacaq. Rusiya Federasiyası “Zvezda” televiziya kanalının istehsalı olan “Ordu əfsanəsi Həzi Aslanov” filminin yaradıcı heyəti ilə görüş, respublika musiqi və teatr kollektivlərinin iştirakı ilə ədəbi-bədii gecə, Azərbaycan Dövlət Pedaqoji və İqtisad Universitetlərində konfrans və kütləvi vətənpərvərlik tədbirinin keçiriləcəyi də planlaşdırılıb.

Anım mərasimində Həzi Aslanov irsinin tədqiqi və araşdırılmasında müstəsna xidmətləri olan Əməkdar incəsənət xadimi, tədqiqatçı-jurnalist Musa Bağırov, Respublika Veteranlar Təşkilatı sədrinin birinci müavini polkovnik Cəlil Xəlilov, Aslanovlar ailəsi adından qəhrəmanın nəvəsi Emin Aslanov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər.

Tədbir Azərbaycan Bayrağı altında Fəxri Qarovulun Həzi Aslanovun abidəsi önündən təntənəli keçidi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə