Metyu Brayza: “ATƏT-in qiymətləndirmə missiyasının nəticələrinə dair hazırladığı hesabat özü hər şeyi deyir” - AÇIQLAMA

Metyu Brayza: “ATƏT-in qiymətləndirmə missiyasının nəticələrinə dair hazırladığı hesabat özü hər şeyi deyir” - AÇIQLAMA
"ATƏT-in həmsədrlərinin Dağlıq Qarabağa faktaraşdırıcı missiyasının nəticələrinə dair hazırladığı hesabat özü hər şeyi deyir". SİA-nın məlumatına görə, bunu jurnalsitlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza həmsədrlərin Dağlıq Qarabağa faktaraşdırıcı missiyasının nəticələrinə dair hazırlanmış hesabata münasibətində bildirib: "Bu hesabata şərh vermək istəməzdim, çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq bəyanatla çıxış ediblər"- deyə, o əlavə edib.

Səfir həmçinin Azərbaycan tərəfinin hesabatı qəbul etdiyini deyib: "Bildiyim qədər, Azərbaycan tərəfi bu hesabatı qəbul edib. Yalnız onu deyə bilərəm ki, həmsədrlər ciddi səylə çalışır və bu münaqişənin həlli üçün yüksək səviyyəli peşəkarlıq nümayiş etdirirlər".

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən həftə qiymətləndirmə missiyasının yekun hesabatını ATƏT-in baş katibi Mark Perrin de Brişamboya təqdim ediblər. ATƏT-in rəsmi saytında hesabatın qısa icmalı dərc olunub.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Xankəndində ermənilərin inşa etdiyi hava limanına uçuşlar edən təyyarələr rəsmi Bakı tərəfindən məhv edilməsi məsələsinə gəlincə səfir: " Biz Azərbaycan və Ermənistanı mülki aviasiya məsələləri və Xankəndində aeroportun açılışı məsələlərində diskussiyalara çağırırıq. Eyni zamanda biz hesab edirik ki, mülki təyyarələrin vurulması təhlükəsi olmamalıdır. ABŞ güc tətbiqini, o cümlədən qoşunların təmas xəttində silahlı insidentləri qınayır",- deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə