Əhalinin 914 900 nəfəri dövlət, 729 400 nəfəri isə qeyri-dövlət sektorunda çalışır

2020-ci il yanvarın 1-nə olan ilkin məlumata görə, ölkəmizdə iqtisadi cəhətdən fəal əhalinin sayı 5 milyon 190 min 100 nəfər olub və onlardan 4 milyon 938 min 500 nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 2019-cu il dekabrın 1-nə olan statistikaya əsasən muzdla işləyənlərin sayı 1 milyon 644 min 300 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914 min 900 nəfər, qeyri-dövlət sektorunda isə 729 min 400 nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 35 min 100 nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 609 min 200 nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olublar.

Xidmət sahəsində işləyənlərin 20,4 faizi təhsil, 17,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...