Lənkəranda kənd məscidində 20 Yanvar faciəsi anıldı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, Osakücə kənd məscidində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, şəhid ailələrinin üzvləri, kənd ictimaiyyətinin nümayəndələri və dindarlar iştirak edib.

Tədbir şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi və ruhlarına Qurani-Kərimdən ayələrin oxunması ilə başlanıb.

Çıxışlar zamanı 20 Yanvar-Ümumxalq hüzn günü ilə bağlı tədbir iştirakçılarına məlumat verilib. Vətən uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyi qeyd edilib.

Sonda Osakücə kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət edilib və gül dəstələri qoyulub.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə