“31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” kitabının təqdimatı keçirilib
Bu gün "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının "31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində millət vəkilləri, tarixçilər, KİV rəhbərləri, ail məktəblərin jurnalistika fakültəsinin müəllimləri iştirak ediblər.
Kitabın ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan bəhs etdiyini deyən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, tarixşünaslıq üçün yenilik sayılacaq faktlar, məqalələr kitabda əksini tapıb. O, bildirib ki, "Azərbaycan", "İstiqlal", "Hümmət" kimi mətbuat orqanları ilə yanaşı ilk dəfə olaraq adı mətbuat tariximizə daxil edilən 1918-ci ildə Tiflisdə nəşr olunan "Qardaş qayğısı" qəzetində çap olunmuş məqalələr ərəb qrafikasından müasir əlifbaya çevrilərək oxuculara çatdırılıb. R.Məcid kitabda əslən Maştağadan olan Seyidağa Axundzadənin 1919-cu ildə "Turan" mətbəəsində çap olunmuş "Mart hadisəsi 1918-ci il..." kitabının da müasir əlifbada işıq üzü görərək kitaba daxil edildiyini vurğulayıb.
Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktlarının dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu və bu baxımdan da sözügedən kitabın əhəmiyyət daşıdığını deyib. Erməni vəhşiliyin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalı olduğumuzu deyən millət vəkili bildirib ki, azərbaycanlılara qarşı tarix boyu soyqırım aktları törədən ermənilər indiyə kimi cəzalandırılmayıb. O, ermənilərin ən azından tarix qarşısında cavab verməli olduğunu ifadə edib. Q.Paşayeva söyləyib ki, "31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" kitabı ən azından rus və ingilis dillərinə tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılmalı, həmçinin pulsuz olaraq orta və ali məktəblərdə yayılmalıdır.
Millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan mətbuatının parlaq bir dövrü olan 1918-20-ci illər mətbuatının kifayət qədər araşdırılmadığını deyib. Həmin dövrün ziyalıların indiki dövrün ziyalıları ilə müqayisədə milli məsələlərə yanaşma mövqeyi baxımından daha vicdanlı olduğunu deyən millət vəkili Bakı şəhərində soyqırım muzeyinin yaradılmasına ehtiyac olduğunu vurğulayıb: "Bakıda soyqırım muzeyi yoxdur. Görünür, öz içimizdə bu hadisələrin üzə çıxmasını istəməyənlər var. Buna görə də mətbuatımız bu məsələdə hücum mövqeyində olmalıdır".
Millət vəkili Fazil Mustafa da çıxışında Bakı şəhərində soyqırım muzeyinin yaradılmalı olduğunu söyləyib. 1905-ci ildən bu yana törədilən soyqırım aktlarına kompleks yanaşılmasının vacib olduğunu qeyd edən millər vəkili bildirib ki, 31 mart soyqırımına da bu konteksdə baxmaq lazımdır.
Digər tədbir iştirakçıları da çıxışlarında kitabın 31 mart soyqırımı ilə bağlı həqiqətlərin ortaya çıxarılması və ictimaiyyətin diqqətinə çatdırılmasında əhəmiyyət daşıdığını qeyd ediblər. Vurğulanıb ki, ermənilərin məkrli siyasətinin, qəddarlığın dünya ictimaiyyətinə çatdırılması üçün bu və bu kimi kitabların xarici dillərə tərcümə olunmasına ehtiyac var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB