Azərbaycanın Belarusdakı səfirliyi 20 Yanvar faciəsinin şəhidlərini anıb

Azərbaycanın Belarusdakı səfirliyinin tərəfindən ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı ölkə üzrə silsilə anım tədbirləri keçirilir. 17 yanvar Babruysk və 19 yanvar Qomel şəhərlərində Azərbaycan İcmaları Konqresinin nümayəndələri ilə birlikdə Səfirliyin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin anım tədbirləri keçirilib. Tədbirlərdə Səfirliyin əməkdaşları və yerli diaspora nümayəndələri iştirak ediblər. Tədbirlərin açılışında Azərbaycan Respublikasının himni səsləndirilib və 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirlərdə çıxış edən səfir Lətif Qəndilov bildirib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı tarixin ən böyük cinayəti törədilib. Yüzlərlə əliyalın mülki şəxsin öldürülməsi, yaralanması və həbs olunması Mixail Qarbaçov və onun erməni əlaltıları tərəfindən Azərbaycan xalqına qarşı yönəlmiş cinayətdir. Səfir 20 Yanvar hadisələrini Azərbaycan xalqının qarşılaşdığı siyasi haqsızlıqlara qarşı yaranmış milli azadlıq hərəkatının qan içində susdurulması kimi qiymətləndirib. Bütün törədilən vəhşiliklərə baxmayaraq, xalqımızın müstəqillik ruhu və ədalət istəyi sınmayıb. Həmin dövrdə dövlətçiliyimizin olmaması xalqımızın qanının böyük miqyasda tökülməsinə səbəb olub. O dövrdə yalnız siyasi repressiyaya və təcridə məruz qalan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Moskvada ölkəmizdə törədilən müsibətlərlə bağlı bəyanatla çıxış edib və bütün dünya xalqımıza qarşı törədilmiş cinayətlər barədə onun dilindən eşidib. Məhz buna görə də müstəqil dövlətimizi qurmağımız keçən müddətin ən böyük uğurlu hadisəsidir. Bugünkü reallıqlar isə dövlətimizin və onun başçısı ətrafında möhkəm və sıx birləşməyimizi tələb edir və xalqımız dövlətçiliyimizə uzanan əlləri sındırıb atmağa daim hazır olmalıdır. Unutqanlığımızla biz hər şeyi itirə bilərik. Yenidən belə hadisələrin təkrarlanmaması üçün keçmiş faciələri daim xatırlamalıyıq.

Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasında canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq. Sonda iştirakçılar 20 Yanvar faciəsi ilə bağlı filmə baxmış və faciəni əks etdirən fotosərgi ilə tanış olublar. Bu gün isə Minsk və ətrafında yerləşən bölgələrdə yaşayan diaspora nümayəndələrinin iştirakı ilə Səfirlikdə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş daha bir tədbir keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə