31 mart soyqırımına həsr olunan tədbir keçirilib

31 mart soyqırımına həsr olunan tədbir keçirilib

Bu gün Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, Üçüncü Sektor İctimai Birliyi və Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın qanlı səhifəsi-31 mart soyqırımına həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri açan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov bildirib ki, Azərbaycanın ağrılı-acılı günləri xoş günlərdən daha çoxdur.

Azərbaycanın müxtəlif bölgələrində 1918-ci il 31 mart-3 aprel tarixlərində azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyini deyən V.Qədirov ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunduğunu deyib. Beynəlxalq ictimaiyyət tərəfindən soyqırım aktına indiyə kimi siyasi-hüquqi qiymət verilmədiyini dilə gətirən təşkilat rəhbəri qeyd edib ki, 1918-ci ildə ermənilərin çirkin əməllərinə rəvac verən bolşeviklərin siyasətini XX əsrin sonlarında keçmiş SSRİ rəhbərliyi davam etdirib.

Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyinin sədri Kəmalə Əliyeva ermənilərin türk millətinə qarşı törətdikləri soyqırım aktlarının tarixi faktlarda əksini tapdığını söyləyib. O, bildirib ki, ermənilərin beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılmasını tələb etmək üçün Azərbaycanın əlində kifayət qədər əsaslar var.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin nümayəndəsi Vüqar Səlimov soyqırımla bağlı əsl həqiqətlərin müstəqillik illərində ortaya çıxarıldığını dilə gətirib. O, qeyd edib ki, 1993-cü ildən başlayaraq tarixi faktların araşdırılması və beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması üçün kifayət qədər işlər görülüb və bu istiqamətdə ardıcıl siyasət aparılır. V.Səlimov inandığını bildirib ki, aparılan bu siyasət nəticəsində dünya ictimaiyyəti ermənilərin məkrli siyasətinin mahiyyətinin anlayacaq və onların cəzalandırılması üçün əllərindən gələni edəcəklər.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva 31 martın Azərbaycan tarixində ən ağrılı-acılı günlərdən biri olduğunu qeyd edərək bildirib ki, azərbaycanlılara qarşı törədilən soyqırım aktları ermənilərin tarixin müxtəlif dövrlərində tarixi proseslərdən məharətlə istifadə etməsinin nəticəsidir: "Ermənilərin ən kiçik imkanlardan istifadə etməsinə səy göstərməsi bundan sonra da istisna edilmir. Ona görə də hər zaman ehtiyatlı olmalı, tariximizi unutmamalıyıq".

Qafqaz Universitetinin rektoru Ahmet Saniç, sosioloq Əhməd Qəşəmoğlu və digərləri də çıxış edərək erməni vəhşiliyindən söhbət açıblar. Vurğulanıb ki, tarixi faktların daha dəqiqliyi ilə dünya ictimaiyyətinə çatdırılması üçün səylər daha da artırılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə