Bakı metrosunda qatarlar stansiyalarda dayandırılacaq

“Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimi şəraitində çalışır

Bu gün Bakı metrosunda qatarlar stansiyalarda dayandırılacaq. “Bakı Metropoliteni” QSC-dən SİA-ya bildirilib ki, Bakı Metropolitenində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar xüsusi tədbirlər planını təsdiqlənərək həyata keçirilir. Yanvar ayından başlayaraq metropolitenin keçidlərində, vestibüllərində, plaftormalarında cari təmir, təmizlik işləri görülür, bütün stansiyaların estetik görünüşünün Ümumxalq hüzn Gününün ab-havasına uyğun olması məqsədilə müvafiq tədbirlər yerinə yetirilir. Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyası bu gün matəm ovqatında tərtib olunub.

Gün ərzində bütün stansiyalarda işıqlandırma tam şəkildə təmin ediləcək, mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Bütün qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən mikrofon vasitəsilə verilir.

Yanvarın 20-də saat 12:00-da planlaşdırılmış şəkildə bütün qatarlar stansiyalarda dayandırılacaq və 1 dəqiqə müddətində fasiləsiz fit verməsi təmin ediləcək, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, kollektivin və ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər “20 Yanvar” stansiyasında şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər.

Qanlı Yanvar hadisəsinin 30-cu ildönümündə Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq, zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə