Masallıda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub - FOTOLAR

18 yanvar 2020-ci il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Masallı RİH və aparatı, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə-müəsissə rəhbərləri, ziyalılar, veteranlar, müəllim və tələbələr, məktəblilər, ictimai təşkilatların rəhbərləri və s. iştirak ediblər.

Tədbirdən əvvəl 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov geniş nitqində iştirakçılara 20 Yanvar faciəsinin başvermə səbəbləri haqqında ətraflı məlumat verib, bu faciəni doğuran o vaxtkı ictimai-siyasi hadisələrdən söz açıb. İcra başçısı qeyd edib ki, faciədən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı hadisələrlə bağlı xalqımız adından sərt bəyanat verərək Sovet İttifaqının rəhbərliyini cinayətdə ittiham etdi. Məhz ulu öndərin ölkəmizin siyasi rəhbərliyinə qayıdışından sonra – 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlandı.

Ş.Məmmədov həmçinin bu qanlı hadisəyə siyasi qiymət verən ümummilli lider Heydər Əliyevin böyük şücaətindən, şəhidlərin ailələrinə, əlillərə göstərilən dövlət qayğısından danışıb. Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əliyalın insanların təpədən dırnağadək silahlanmış imperiya ordusuna qarşı çıxması, bu zaman xeyli insanın şəhid olması Azərbaycanın müstəqillik yolunda mübarizəsinin ən şanlı səhifələrindəndir.

Tədbirdə çıxış edən Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və Sərçuvar kənd tam orta məktəbinin müəllimi İlahə İsgəndərzadə faciənin başvermə səbəbləri və nəticələrindən danışdılar.

Masallı Dövlət Regional Kollecinin tələbə və müəllimlərinin iştirakı ilə təşkil olunan mərasimdə kollecin müəllimi Cəmaləddin Əliyevin quruluş verdiyi əbəbi-bədii kompozisiya nümayiş olundu.

Əlihüseyn Şükürov,
Elsevər Əliyev (foto)

Bütün xəbərlər Facebook səhifəmizdə