Daşkəsən rayon Əhmədli kəndində növbəti səyyar qəbul keçirilib - FOTOLAR

Yanvarın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin növbəti səyyar qəbulu Əhmədli kəndində olub. SİA-nın verdiyi məlumata görə, səyyar-görüşdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əhmədli sakinləri ilə görüşdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev kənd sakinlərinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr haqqında geniş məlumat verib, həyata keçirilən tədbirlər barədə danışıb, kənd təsərrüfatının ayrı-ayrı sektorlarının, o cümlədən ərazidə turizmin inkişafı istiqamətindəgələcəkdə görüləcək işlərdən söz açıb.

Rayon rəhbəri xüsusilə vurğulayıb ki, ötən dövrlərdə Əhmədli kəndinin də yerləşdiyi ərazi vahidliyində xeyli abadlıq-quruculuq işləri görülmüşdür.

9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar Parlament seçkiləri ilə bağlı rayonun seçki məntəqələrinin hər birində lazımi şərait yaradıldığını bildirən Əhəd Abıyev əminliklə deyib ki, bütün seçkilərdə olduğu kimi, bu seçki də şəffaf, demokratik, azad bir seçki olacaqdır və qəsəbə sakinləri öz bəyəndikləri namizədə səs verəcəkdir.

Qəbulda sakinlər tərəfindən əlavə içməli su və təbii qaz xəttinin çəkilməsi, nasaz elektrik dirəklərinin dəyişdirilməsi və digər şəxsi məsələlər qaldırılıb.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərin müraciətlərinin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib, bəzilərinin icrası isə nəzarətə götürülüb.

Kənd sakinləri vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə