Əhəd Abıyev Daşkəsən qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib

Bu gün yanvarın 18-də rayonun Daşkəsən qəsəbəsində keçirilən səyyar qəbul-görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər. SİA-nın verdiyi məlumata görə, qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi altında son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da gücləndiyini, əldə edilən iqtisadi və siyasi uğurlar nəticəsində ölkəmizdə əhalinin həyat səviyyəsinin, rifahının yaxşılaşdığını diqqətə çatdırıb.

Əhəd Abıyev qəbul olunan dövlət proqramlarının icrası nəticəsində Daşkəsəndə görülən abadlıq-quruculuq işləri barədə məlumat verib. Həmçinin qeyd edib ki, ötən dövrdə Daşkəsən qəsəbə tam orta məktəbinin binası yenidən tikilib, Daşkəsən qəsəbə ümumi orta məktəbinin modul tipli binası isə quraşdırılaraq istifadəyə verilib, uşaq bağçası əsaslı təmir edilib, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilib. Ötən ilin 24 dekabr tarixində Quşçu, Quşçu körpüsü qəsəbələri ilə yanaşı Daşkəsən qəsəbəsinə də ilk dəfə təbii qaz verilib.

Rayon rəhbəri onu da vurğulayıb ki, Prezident cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır. Rayon sakinlərinin məşğulluğunun artırılması, özünüməşğulluq proqramına cəlb olunması, sosial problemlərinin həll edilməsi daim diqqət mərkəzində saxlanılır.

Fevralın 9-da keçiriləcək Parlament seçkiləri ilə bağlı rayonun seçki məntəqələrinin hər birində lazımi şərait yaradıldığını bildirən Əhəd Abıyev əminliklə deyib ki, bütün seçkilərdə olduğu kimi, bu seçki də şəffaf, demokratik, azad bir seçki olacaqdır və qəsəbə sakinləri fəallıq göstərərək öz namizədinə səs verəcəkdir.

Daşkəsən qəsəbə sakinlərinin müraciətlərini dinləyən Əhəd Abıyev qaldırılan məsələlərin araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib. Əksər müraciətlər yerində müsbət həllini tapıb, bir qismi nəzarətə götürülüb.

Daşkəsən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...