Kərki kəndinin işğalından 30 il ötür

Ermənilər ilk işğalçılıq əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçiriblər. SİA xəbər verir ki, həmin gündən davam edən şiddətli döyüşlərdən sonra yanvarın 18-də keçmiş SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Şərur rayonunun tərkibində olan Kərki kəndi ermənilər tərəfindən işğal olunub.

Kərki kəndinin müdafiəçiləri qəhrəmanlıqla vuruşub, son ana qədər düşmənə ciddi müqavimət göstəriblər. Hadisələrin canlı şahidlərinin sözlərinə görə, həmin gün kənd səhər saat 4 radələrindən saat 18:19-a qədər şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş ləvazimatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar. Hər qarışında bir neçə minilliyin tarixini yaşadan qədim Oğuz yurdu beləcə ermənilərin əlinə keçib.

Kərki kəndinin işğalı XX əsrin sonlarında ermənilərin ilk işğalçılıq aktı kimi tarixə düşüb. Kərkinin işğalı Bakıdakı 20 Yanvar qırğınının, dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin və nəhayət, ermənilərin Azərbaycanın alınmaz qalası Sədərək üzərinə silahlı basqınlarının başlanğıcı olub.

Qeyd edək ki, 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində muxtar respublikanın işğal altında olan Günnüt kəndi düşməndən azad edilib. Azad edilən geniş ərazidə yerləşən strateji yüksəkliklərdən bu gün işğal altındakı Kərki kəndi aydın görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə