20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Bu gün, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, dövlət rəsmiləri, Akademiyanın professor-müəllim heyəti, tələbələr, idmançılar və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində 20 Yanvar faciəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və faciəni özündə əks etdirən film nümayiş olunub.

Tədbirdə ilk öncə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, “20 Yanvar xalqımızın tarixində qanlı hüzn günü kimi qeyd olunur. Eyni zamanda mustəqilliyimiz uğrunda olan qəhrəmanlıq səlnaməmizdən biridir. Bu silsilədən olan tədbirlərin hər il keçirilməsində digər məqsəd də ondan ibarətdir ki, gənclərimiz bu tarixi unutmasınlar və hər bir şəhidin tökülən qanının onların azad yaşamaları uğrunda olduğunu dərk etsinlər”.

Akademiyanın rektoru Fuad Hacıyev: “20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanmayacaq. O gün Azərbaycan xalqının şan və şərəf günüdür. Məhz 1990-cı il 20 Yanvar tarixində xalq sovet hərbiçilərinin qorxunc hücumlarına qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Bildirildi ki, 1990-cı il 20 Yanvar tarixi Azərbaycan xalqının birlik, bərabərlik rəmzidir”-deyə qeyd edib.

Tədbirin sonunda Qara Qarayev, Vasif Adığözlov, Fərhad Bədəlbəyli, Hacı Xanməmmədov və John Villiamsın əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Fotolar: Nigar Vəlili

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...