Qanlı Yanvarın 30-cu ildönümü metropolitendə qeyd ediləcək

1990-cı ilin 20 Yanvarı Azərbaycan tarixinə qanlı hərflərlə yazılıb. Həmin gecənin günahsız qurbanları olmuş həmvətənlərimiz ölkəmizin hər yerində ehtiramla yad edilir, xüsusi tədbirlər, mərasimlər keçirilir, şəhidlərin uyuduğu məzarlar ziyarət olunur. SİA xəbər verir ki, o müdhiş tarix Bakı metropolitenin kollektivinin həyatında da öz əksini tapıb.

Həmin gecə metropoliteninin kollektivi səhərə qədər fədakarlıq göstərərək yüzlərlə insan həyatının qurtarilmasında, yeganə sığınacaq yeri olaraq dayaq durmasında, yaralıların xəstəxanalara çatdırılmasında xüsusi rol oynayıb.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-də Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq xüsusi tədbirlər planı həyata keçirib. Yanvar ayından başlayaraq, metropolitenin keçidlərində, vestibüllərində, platformalarında cari təmir, təmizlik işləri görülür, bütün stansiyaların estetik görünüşünün Ümumxalq Hüzn Gününün ab-havasında uyğun olması məqsədi ilə müvafiq tədbirlər yerinə yetirilir.

Gün ərzində bütün stansiyalarda mərkəzləşdirilmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlayacaq. Bütün stansiyaların elanı radioinformatorlar tərəfindən deyil, maşinistləri tərəfindən mikrofonlar vasitəsi ilə veriləcək.

Bildirək ki, yanvarın 20-də saat 12:00-da planlaşdırılmış şəkildə bütün qatarlar stansiyalarda dayandırılacaq və 1 dəqiqə müddətində fasiləsiz fit verilməsi təmin ediləcək, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər "20 Yanvar" şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər. Qanlı Yanvar hadisəsinin 30-cu ildönümündə Bakı metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. Ənənəsinə sadiq qalan "Bakı Metropoliteni"QSC-nin nümayəndələri həmin gün şəhidlərimizin əbədi xatirəsinə ehtiramını ifadə edərək, Şəhidlər Xiyabanını ziyarət edərək dualar oxuyacaq, məzarları önünə güllər düzəcəklər.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə