Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev şəhid ailələri ilə görüşmüşdür. Görüşdə icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayonun xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq edərək, pensiya və müavinətlərin artırılması, şəhid vərəsələrinə 11 min manat sığorta ödənişinin edilməsini yüksək dəyərləndirmiş, icra başçısına arzu və təkliflərini dinləyərək həllinə köməklik göstərdiyinə görə razılıqlarını bildirmişlər.

İcra başçısı görüşdə iştirak edənləri dinləmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, icrasını diqqətdə saxlayacağını bildirmişdir.

Qeyd etmişdir ki, bir neçə gündən sonra 20 yanvar faciəsinin 30 ili tamam olur. Xalqımız o dəhşətli günləri xatırlayaraq Vətən övladlarının əziz xatirəsini anmaq üçün şəhidlər xiyabanına axışacaqdır. Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 yanvar faciəsi, cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətini, öz azadlığına, müstəqilliyinə qalxan xalqın isə mübarizliyini, məğrurluğunu nümayiş etdirmişdir. Bu faciə törədilən günlərdə Moskva şəhərində yaşayan Azərbaycanın qorxmaz və mübariz oğlu Heydər Əliyev heç bir təzyiqdən və təqibdən çəkinməyərək, özünün və doğmalarının həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 20 yanvar faciəsinə siyasi qiymət verilməsi tələbi ilə bəyanat verdi. Bu, xalqının başına gətirilən dəhşətli müsibətlərdən hiddətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan həqiqətləri ilə dünyanı silkələyən böyük vətəndaş çağırışı idi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. Həmin faciədə həlak olan vətən övladları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar.

Bu faciə ərəfəsində torpaqlarımızın bütövlüyü uğrunda döyüşərək canlarını fəda edən qeyrətli Vətən övladlarının xatirəsinin yad edilməsi, onların valideynləri ilə görüşərək qayğılarının öyrənilməsi müqəddəs bocumuzdur. Çünki bütün şəhidlər ən çətin gündə hər şeyi unudaraq yalnız Vətəni, torpağı düşünmüş, Vətənin dar günündə sinələrini düşmən gülləsinə sipər etmişlər. Həmin zamanlar Azərbaycanın nizami ordusu hələ yaranmadığı üçün əksəriyyəti könüllü olaraq ön cəbhəyə yollanmış, qəhrəmanlıqla döyüşərək şəhid olmuşlar. Rayonumuzdan torpaqlarımızın müdafiəsinə qalxan gənclərdən 83 nəfər şəhid olmuşdur ki, onların keçdiyi döyüş yolu ilə maraqlananda hər birinin fədakarlıq göstərərək son ana qədər döyüşdüklərinin şahidi oluruq. Biz bu vətənpərvərliyi yüksək dəyərləndirir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, valideynlərinə can sağlığı arzulayaraq, önündə baş əyirik. Şəhidlərimizin vərəsələrinin qayğısı hər birimizin daim diqqətindədir. Rayonumuzda 30 şəhid ailəsi evlə təmin olunmuş, 25 nəfər növbəyə götürülmüşdür ki, əksəriyyəti bu ilin sonunadək evlə təmin olunacaqdır. Buna ölkəmizin gündən-günə aratn iqtisadi gücü ilə nail olacağıq. Prezidentimizin məqsədyönlü siyasəti ilə inamla inkişafa və tərəqqiyə doğru gedən Azərbaycanımız inanırıq ki, daha böyük nailiyyətlər qazanacaqdır.

Hamımıza bəllidir ki, bu inkişafın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər xalqın təkidli çağırışları ilə hakimiyyətə gələndən sonra Azərbaycan dövlətini yox olmaqdan, xalqı böyük fəlakətdən qurtardı. Böyük xilaskarlıq missiyasını məharətlə icra edən ümummilli lider, vətəndaş müharibəsinin qarşısını almaqla cəbhədə atəşkəsə nail oldu və qan tökülməsinin qarşısını aldı. Atəşkəsdən sonra bu günükü güclü Azərbaycan ordusunun təməli qoyuldu. Ötən illər ərzində Azərbaycan ordusu sürətli bir inkişaf mərhələsi keçmiş, bu gün ən müasir silahlarla təchiz olunmuş dünyanın nizami orduları sırasındadır. Ordumuz aprel döyüşlərində, Günnüt əməliyyatında və ondan sonrakı dövrlərdə gücünü göstərərək düşmənə həddini bildirmişdir. Bu əməliyyatlardan sonra min hektarlarla torpaqlarımız işğaldan azad olunmuş, ordumuz düşmənin əsas döyüş mövqelərini nəzarətə almışdır.

Müharibə və qan tökülməsini istəməyən Prezidentimizin torpaqlarımızın sülh yolu ilə qaytarılması istiqamətində beynəlxalq miqyasda apardığı danışıqlar nəticəsində bütün dünya Ermənistanı təcavüzkar dövlət kimi tanımaqla, birmənalı olaraq Azərbaycanı bu haqq işdə dəstəkləyir. Əgər düşmən yüksək tribunalardan səslənən sülh çağırışlarını eşitməməyə davam edərsə, güclü ordumuz torpaqlarımızı istənilən anda müharibə yolu ilə azad etmək iqtidarındadır.

Biz də hər birimiz ayıq-sayıq olmalı, ölkədə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumalı, hər zaman cənab Prezidentin ətrafında sıx birlik nümayiş etdirməliyik. Yalnız xalqla iqtidarın birliyi dövlətimizə, xalqımıza böyük uğurlar gətirəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə