«Sosial şəbəkə istifadəçiləri arasında, xüsusən, gənc nəslin nümayəndələri çoxluq təşkil edir. Onların bir çoxunun istifadə etdiyi sosial şəbəkələrdə «Facebook», «Twitter», «İnstagram», «Google+», «Vkontakte», «Odnoklassniki» və başqaları üstünlük təşkil edir». Bu fikirləri «Səs» qəzetinə açıqlamasında gənc könüllülərdən olan Tofiq Mövsümov bildirib. Onun sözlərinə görə müasir həyatımızda informasiya-kommunikasiya texnologiyalarının rolu getdikcə artır. Texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarmışdır. «Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq» - deyən T.Mövsümov onu da bildirib ki, artıq bir çoxları istəsə də- istəməsə də, sosial şəbəkələrsiz qala bilməz: «Hər bir sahədə olduğu kimi, sosial şəbəkələrdən istifadəyə münasibətdə də fikirlər müxtəlifdir. Bir qisim sosial şəbəkələrin bugünkü günümüzdə sosiallaşmaq, dünyanın ən ucqar nöqtəsində olan insanlarla ünsiyyət yaratmaq, fikir bildirmək və qarşılığında cavab almaq, ictimai həyatda baş verən aktual məsələlər ətrafında müxtəlif sorğular təşkil etmək, canlı yayım vasitəsilə iclaslar, müzakirələr keçirmək, olduğun yer haqqında məlumatları dostlarınla audiovizual şəkildə paylaşmaq və digər müsbət xüsusiyyətlərini qeyd edirlər. Digərləri isə düşünürlər ki, sosial şəbəkələr insanların internet asılılığını artırır, mənəvi dəyərləri məhv edir və real həyatdan uzaqlaşdırır».
«Əslində, ondan müzakirə, diskussiya üçün istifadə etmək, qarşılıqlı fikir mübadiləsi aparmaq daha faydalıdır» deyən gənc könüllü, təəssüflə qeyd edib ki, bizdə sosial şəbəkəsindən qədərindən artıq, özü də lazımsız yerə istifadə edənlərin sayı daha çoxdur: «Sosial şəbəkələrdən kimisi, sadəcə, vaxt keçirmək üçün istifadə edir ki, bu da, bir müddətdən sonra asılılıq yaradır. Artıq beş və ya on dəqiqə üçün daxil olduğun sosial şəbəkədə saatlarla qalırsan. İnsanın vaxtını «virtual dünya»ya sərf etməsi real həyatdan uzaqlaşmağa gətirib çıxarır ki, bu da, sonralar psixoloji problemlər yaradır. Əvvəlcə vərdiş, sonra isə xəstəlik dərəcəsində asılılıq yaradan sosial şəbəkələr insanlarda depressiya, yuxusuzluq, yorğunluq, aqressivlik, paxıllıq və digər xoş olmayan halların yaranmasına səbəb olur. Bir faktı da qeyd etmək istəyirəm ki, sosial şəbəkələr üzündən boşanan ailələrin sayı da artır».
T.Mövsümov sosial şəbəkələrin müsbət tərəfinə nəzər salaraq, buradan elmi yeniliklərlə, yeni iş yerləri ilə bağlı məlumat əldə etmək, hətta pul qazanmağın mümkün olduğunu da bildirdi: «Mənfi cəhəti isə insanları özündən asılı vəziyyətə salmasıdır. Mən hesab edirəm ki, müasir dövrdə sosial şəbəkələrdən düzgün istifadənin təbliği çox mühüm əhəmiyyətə malikdir».
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB