20 Yanvar faciəsi tariximizin qan yaddaşı
Azərbaycan xalqının tarixinə qəhrəmanlıq zirvəsi kimi daxil olan qanlı Yanvar faciəsi kimi daxil olan 20 Yanvar hadisələrindən 30 il keçir. Respublikamızın hər yerində bu faciə ilə bağlı geniş tədbirlər keçirilir, şəhidlərimizin qəbirləri ziyarət edilir, ruhlarına dualar oxunulur. Hadisə ilə bağlı siyasətçilərimiz, ziyalılarımız, ümumiyyətlə, bütün Azərbaycan xalqı bu tarixi hadisəni xalqımızın milli-azadlıq mübarizəsinin qəhrəmanlıq zirvəsi olduğunu bildirdilər.
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev:
- Xalqımızın tarixinə həkk olunmuş 20 Yanvar faicəsinin 30 illiyi respublikamızın hər yerində olduğu kimi, Biləsuvar rayonunda da geniş tətdirlər keçirilməkdədir. Azərbaycan xalqının istiqlaliyyət yolunda şəhidlik zirvəsi olan 20 Yanvar faciəsi milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, həm də uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.
Xalq o müdhiş günlərdə Ulu Öndər Heydər Əliyevin yoxluğunu ən böyük həqiqət kimi dərk etdi. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayən-dəliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli Bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
Bu gün Ulu Öndər Heydər Əliyevin bu sahədə siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bu istiqamətdə sərəncam və fərmanlar imzalamışdır. Bundan başqa, əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunmuşdur. Ötən illər ərzində 20 Yanvar əlilləri və şəhid ailələri mənzillə təmin edilmişlər. Əlillərə minik avtomobilləri verilmiş, şəhid ailələrinə Prezident təqaüdü təyin olunmuşdur. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır. Həmçinin, xeyirxah əməllərin davamçısı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da daima öz yüksək qayğı və diqqətini göstərməkdədir.
Allah şəhidlərimizin ruhunu şad eləsin!
YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev:
- Azərbaycan xalqının qan yaddaşına həkk olunan 20 Yanvar faciəsi əbədi olaraq qalacaq və heç vaxt unudulmayacaq. Çünki həmin gün Azərbaycan xalqının taleyində də nəhs və qorxunc günlər yaşanırdı. Bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar, həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragüruhuna qarşı sinəsini verməyi və deməli, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Ötən illər ərzində "Qanlı Yanvar"ın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilib.
...Həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli-azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 mini göstərir) yeridildi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürüldü, 600-dən çox adam yaralandı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. "Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.
Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb.
İndi, nəyin bahasına olursa-olsun, biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz!
Ruhunuz şad olsun! Sizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, firavan gələcəyi uğrunda axıtdığınız qan hədər getməyib.
YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov:
O gün gecənin zülmətindən istifadə edən rus əsgəri yurddaşlarımızın əzəmətindən qorxub gizlənmişdi. O gün Moskvada matəm saxlayan Ümummilli Liderimiz Heydər Əliyevin etiraz səsi bütün dünyaya yayıldı. O gün heç kəs başını aşağı əymədi. Biz şəhid verdik, lakin qalib gəldik. Biz nə əyildik, nə sındıq. O gün "Azadlıq!" sədası göylərə qalxdı. Biz o azadlığı qanımız bahasına əldə etdik...
20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 min kvadrat kilometrdən 87 min kvadrat kilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu düşünülmüş siyasətin mərhələləridir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin səyi ilə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...
Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il yanvarın 20-də onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur. Şəhidlər Xiyabanının girişindən başlayaraq, hər yer al-qırmızı qərənfilə bürünür. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. 20 Yanvar hadisələrində xalqımız qurbanlar versə də, həmin faciəli gün inam və sınaq günü kimi yadda qalmışdır. Xalqımız həmin gün özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha sübut etmişdir. Çünki burada uyuyan insanlar saf, təmiz əqidə, ideya uğrunda ölümə gediblər.
Təəssüflər olsun ki, torpaqlarımızın 20 faizi düşmən tapdağında, işğal altındadır və hər bir qeyrətli vətəndaş bunun mənəvi ağrısını ürəyində daşıyır. Torpaqlarımız işğaldan azad ediləndə, burada əbədiyyətə qovuşan şəhidlərimizin ruhu da sevinəcək, biz bu ziyarətgaha alnıaçıq, üzüağ qədəm qoyacağıq.
Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlblərdə yaşayacaqdır. Qiyamət günü Peyğəmbər əleyhissalamın canlarını fəda etmələrinə şahidlik edəcəyi insanları Allah rəhmət etsin! Qoy şəhidlərimizin ruhu şad olsun! Amin!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB