YAP Səbail rayon təşkilatı rayon şurasının və idarə heyətinin iclası keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının rayon şurasının və idarə heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda ötən il YAP Səbail rayon təşkilatı tərəfindən görülən işlər müzakirə olunub və 2020-ci il üçün iş planı təsdiqlənib. İclasda çıxış edən YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev gündəlikdə duran məsələlər haqqında məlumat verib.
2019-cu ilin ölkəmiz üçün uğurlu olduğunu diqqətə çatdıran Ş.Hacıyev ötən ilin Azərbaycan xalqının tarixinə islahatlar ili kimi yazıldığını bildirib. O, Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı müşavirədə çıxışına toxunaraq deyib: "Azərbaycan müstəqil siyasət yürütməklə, dayanıqlı inkişaf yolunda inamla irəliləyir. Ötən il ölkəmiz üçün çox uğurlu olub. Sosial layihə çərçivəsində insanların rifah halı yaxşılaşıb. Eyni zamanda, dərin və köklü islahatlar həyata keçirilib".
Uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının mühüm rolunu xüsusi qeyd edən təşkilat sədri bildirib ki, ötən il Yeni Azərbaycan Partiyası, o cümlədən, YAP Səbail rayon təşkilatı üçün uğurlu il olub, rayon təşkilatının sıraları daha da genişlənib və partiyanın yeni üzvləri arasında gənclər, qadınlar üstünlük təşkil edir. Ş.Hacıyev 2019-cu ildə YAP Səbail rayon təşkilatının siyasi-ideoloji, mədəni-kütləvi, sosial və s. istiqamətlərdəki fəaliyyəti haqqında yığıncaq iştirakçılarına ümumi məlumat verdi. Qeyd olundu ki, rayon partiya təşkilatı tərəfindən, hər il ənənəvi olaraq, keçirilən siyasi, rəsmi təqvim günlərinə həsr olunan tədbirlərdən başqa, ötən il "Nəsimi İli" və Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin "2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı" çərçivəsində çoxsaylı mədəni, bədii-publisistik tədbirlər, görüşlər keçirilmiş, cəbhə bölgələrinə səfərlər təşkil olunmuş, gənclərlə iş istiqaməti daha da gücləndirilmiş, rayonun aztəminatlı sakinləri üçün xeyriyyə aksiyaları, iftar süfrələri təşkil olunmuş, rayon sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə Səbail rayon icra hakimiyyəti ilə birgə yerlərdə görüşlər keçirilmiş, kütləvi informasiya vasitələrində çoxsaylı çıxışlar edilmiş, məqalə və müsahibələr dərc olunmuşdur. Nəzərə çatdırıldı ki, YAP Səbail rayon təşkilatının illik geniş hesabatı fevral ayında rayon partiya təşkilatının yaranmasının növbəti ildönümü tədbirində təqdim olunacaqdır.
İclasda, həmçinin, fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Səbail rayonunda təbliğat-təşviqat kampaniyasının aparılması, seçicilərlə görüşlər, seçki qərargahının fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələr müzakirə olundu, 20 Yanvar faciəsinin ildönümünə hazırlıqlar barədə məlumat verilib.
Ş.Hacıyev YAP Səbail rayon təşkilatının 2020-ci il üçün hazırlanmış iş planı və Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar tədbirlər planı haqqında ətraflı məlumat verib. Daha sonra YAP Səbail rayon təşkilatının qadınlar şurasının, rayon təşkilatı gənclər təşkilatının, nəzarət-təftiş komissiyasının 2020-ci il üçün iş planları təsdiq edilib.
Sonda "Turizm işçiləri" (Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi) ərazi ilk partiya təşkilatının yeni üzvlərinə partiya üzvlük vəsiqələri təqdim olunub.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə