Həsən Bayramoğlu: “Keçilən dövrdə hansısa çatışmazlıqlar olubsa, bunu keçid dövrünün reallıqları ilə əlaqələndirmək lazımdır” - MÜSAHİBƏ

Həsən Bayramoğlu: “Keçilən dövrdə hansısa çatışmazlıqlar olubsa, bunu keçid dövrünün reallıqları ilə əlaqələndirmək lazımdır” - MÜSAHİBƏ
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, politoloq Həsən Bayramoğlunun SİA-ya müsahibəsi

- Bu gün Azərbaycan gəncliyinin dünya birliyində layiqincə təmsil olunması Heydər Əliyev siyasətinin davamlılığını təmin edə bilirmi?

- Dünyanın bir çox ölkələrində son aylarda baş verən etiraz dalğaları müxtəlif cür təhlil olunur. Bəzi ölkələr həmin hadisələrə iqtidar prizmasından, bəziləri isə müxalifət mövqeyindən yanaşırlar. Burada çox vaxt birtərəfli yanaşmalar ifadə olunur. O ölkələrdə baş verən proseslərin daha geniş və tarixi kökləri var. Beynəlxalq maliyyə böhranından sonra dünyanın aparıcı ölkələri yanacaq-energetika ehtiyatlarina malik olan ölkələrdə demokratiya adı altında öz təsir dairəsini yeni bir mərhələyə keçirmək istəyirlər. Buna da rəvac verən həmin ölkələrdə çox vaxt mövcud olan qeyri-demokratik ictimai-siyasi mühitin özü olur. Təsadüfi deyil ki, bu kimi hadisələrdə ən çox gənclərdən istifadə olunur. Bunu isə gənclərin savadlı və ya savadsız olması kimi qiymətləndirməzdim. Son dövrlər dünyada informasiya-kommunikasiya texnologiyalarının inkişafı gənclik mühitinə daha çox təsir edir. Çünki bu auditoriyalarda ünsiyyətə ən çox gənclər gedirlər. Bu da onların həm milli, həm də ümumbəşəri qlobal dünyagörüşünə öz təsirini göstərir. Onların hər biri ölkəsində, dünyada baş verən proseslərə daha çox maraqlı olurlar. Çünki gənclik daim axtarışdadır, həyatda öz yerini tutmaq, özünün əmək ambisiyalarını reallaşdırmaq istəyir. Bunun üçün də mövcud vəziyyətdən daha fərqli xəyali vəziyyətlərə həvəskar olurlar. Adətən belə proseslərdə onların bəzilərinin istəklərini reallaşdırmaq üçün hadisələrin önünə keçmək cəhdləri bu və ya digər sosial gərginliklərlə müşahidə olunur.

Bu hadisələrin keçmiş Sovet, MDB məkanı ölkələri üçün elə bir ciddi təsiri olmasa da hər halda bu ölkələr də dünyada baş verənlərdən kənarda qalmırlar. Məsələ burasındadır ki, bu ölkələr keçmiş kommunist rejimindən yeni müstəqil, demokratik dövlətlərə keçid mərhələsini yaşayırlar. Təbii ki, müəyyən nöqsanlar və irəliləyişlər də mövcuddur. Hər bir ölkə öz tarixi və ictimai spesifikasına uyğun olaraq müstəqilliyin təşəkkül mərhələsini yaşayır. Azərbaycan da ilk dövrlərdə çox böyük xaotik vəziyyət yaşayıb. 1993-c ilə qədər Azərbaycan zorla tətbiq edilən, sürətli inkişafına mane olmaq məqsədilə məlum güclər tərəfindən ölkəmizə "sırınan" problemlərlə üzbəüz qalıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda dövlət quruculuğunun təşəkkül mərhələsi öz axarına düşüb. Siyasi institutlar, siyasi sabitlik yaradılıb, böyük iqtisadi, sosial layihələr həyata keçirilib və ölkə bütün sferalarda təşəkkül mərhələsini başa vurub. Bundan sonra Azərbaycan bütün sferalarda inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf Azərbaycan modeli adlı terminin daşıyıcısına çevrilib. Bu quruculuq prosesində də gənclər çox fəal iştirak ediblər. Azərbaycanın bütün dövlət idarəçilik sferasına diqqət yetirsək, orada çox gənc simaları görürük. Bu gün Azərbaycan gəncliyi dünyada baş verən qlobal dəyişiklərin axarından kənarda duran gənclik deyil. Onlar bu proseslərə biganə qalmırlar. Müxtəlif ölkələrdə zaman-zaman mövcud olan müxalifət qüvvələri bu hadisələrdən bəhrələnmək istəyirlər. Qərb ölkələrində zəifləmiş müxalifət gənclərin yenilikçi hisslərindən istifadə etmək istəyirlər. Azərbaycanda da müxalifət qüvvələri son dövrlər ölkənin sosial-iqtisadi inkişafı ilə tamamilə iflasa uğradıqları bir dövrdə dünyada baş verən hadisələrdən istifadə etmək istəyirlər. Yayındırıcı, təxribatı xarakterli təbliğata üstünlük verərək Azərbaycanda siyasi spektorda yenidən görünmək istəyirlər. Ancaq bunların hamısı keçicidir və onların siyasi meydana daxil olmaq şansları yoxdur. Bu gün Azərbaycan gənclərini çaşdıra bilmək təhlükəsi var və onlar bu reallıqlardan istifadə edə bilərlər. Ölkədəki quruculuq prosesi elə sürətə gedir, böyük iqtisadi layihələr o qədər sürətlə inkişaf edir ki, gənclər bu cür proseslərin önündə olan təbəqə kimi hər cür təxribatlara getmirlər. Sadəcə olaraq onların yeniləşmə ideyaları təbii qəbul edilməlidir. Siyasi baxışlarından asılı olmayaraq bütün gəncliyin Azərbaycanın modern gələcəyinə aparılmasına təkan verilir. Ancaq gənclər Azərbaycanın dövlət müstəqilliyini təhlükə altına atacaq heç bir ölkədən kənar təsirlərə getməyəcək. Onlarda uyğunlaşmış dövlətçilik təfəkkürü və dünyagörüşü, azərbaycançılıq fəlsəfəsi ümummilli birliyin təminatı ilə qarşıda dura biləcək çox böyük iqtisadi layihələri formalaşdırmaq istəyidir.

- Ölkədə gənclərin bəziləri təhsildə neqativ halların olduğunu deyirlər. Sizcə, bugün təhsildə belə hallar mövcuddurmu və tələbələrin bu cür bəhanələrinin qarşısını almaq üçün nə etmək lazımdır?

- Gənclər dedikdə ilk növbədə təhsil yada düşür. Əgər tələbələr tərəfindən hansısa təkliflər irəli sürülürsə, bu bir növ təhsilə də toxunur. Bir neçə il bundan öncə təhsildə müəyyən neqativ proseslər olub. Ancaq Azərbaycanın inkişafı ilə əlaqədar bu proseslər arxada qalıb. Artıq təhsilin modernləşməsi ilə bağlı 20-ə yaxın təhsil proqramları həyata keçirilib. Azərbaycanda 2008-ci ildən çox sürətli şəkildə təhsilin modernləşməsi aparılır. Gənclər də bundan çox sürəli istifadə edir. Tələbə qəbulu, qış və yay semestr və ya dövlət buraxılış imtahanlarının hamısı informasiyalaşdırılıb, qiymətləndirmədə yeni monitorinq sistemlərinə keçilib. Sadəcə hansısa ali məktəblər bu sistemlərə tez, hansılarısa gec qoşulub. Mənim çalışdığım Azərbaycan Dövlət Pedaqoji Universiteti bu sahədə flaqmandır. Zaman öz sözünü diktə edir. Keçilən dövrdə hansısa çatışmazlıqlar varsa, bunu keçid dövrünün reallıqları ilə əlaqələndirmək lazımdır. Təhsil sistemində yeniləşmə çox sürətlə aparılır, tələbələr müxtəlif layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər.

Bizim üçün təhlükəli olan Azərbaycanda təhlükə yaratmaq və bu inkişafın qarşısını almaq istəyən müəyyən maraqlı dövlətlərin oyununa gedə bilən köhnə siyasi qüvvələrin bu reallıqdan bəhrələnərək yeni bir auditoriya qazanmaq istəyidir. Bu isə Azərbaycana köhnə təfəkkür tərzini gətirəcək və gəncliyə heç bir şey verməyəcək. Bu gün Azərbaycan gəncliyini sürətli inkişafın ətrafında toplamaq istəyi, reallığı ilə bağlı böyük layihələrdən yayındırmaq cəhdi ola bilər. Amma bu keçərli deyil. Sadəcə olaraq bu və ya digər sahədə daha çevik, modern yanaşmamız, xüsusilə cəmiyyətin inkişafına təkan vermək üçün birliyimiz lazımdır. Ölkə inkişaf etdikcə xalqın tələbatları da artır və bunu təbii qarşılamaq lazımdır.

- Sizin bir ali məktəbin müəllimi olaraq gənclərə tövsiyə və məsləhətləriniz nədən ibarət olardı?

- Mən bunları Azərbaycan gəncliyinin təbiətindən doğan çağırışlar hesab etməzdim. Bunu siyasi səhnədə iflasa uğrayan qüvvələrin fəallaşmaq üçün gənclərin modernləşmə istəklərindən sui-istifadə kimi qəbul edirəm. Bu gün cəmiyyətdə hər bir təbəqənin, o cümlədən gənclərin çağırışı ölkədəki bu inkişafı, həyata keçirilən layihələri uğurla başa vurmağa yardımçı olur.

Bütün xəbərlər Facebook səhifəmizdə