“Müasir dünyada PR” adlı seminar keçirilib -TƏDBİR -AÇIQLAMA

“Müasir dünyada PR” adlı seminar keçirilib -TƏDBİR -AÇIQLAMA

Bu gün BCC Akademiyada Bakı Şəhər Halqasının Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarainin təqdimatında “Müasir dünyada PR” adlı seminarı baş tutub. Seminar Formula1 könüllüləri üçün nəzərdə tutulub. Seminarda müasir dünyada PR, PR alətləri, Formula 1 Azərbaycan Qran Prisinin PR strategiyası və bu kimi müxtəlif mövzularda məlumatlar verilib.

Seminarda çıxış edən Nigar Arpadarai bildirib ki, istənilən böyük bir şəhər, eləcə də Bakı şəhəri canlı bir orqanizmdir, hər zaman yaşayır. “Biz 5 il əvvəl Formula1 tədbirlərinə start verəndə bizim əsas qarşımızda duran məsələ ondan ibarət idi ki, Formula1 bu orqanizmin bir parçası olsun, biz bunun üçün çalışdıq. İndi isə çox qürurla deyə bilərəm ki, doğrudan da biz buna nail olduq. Formula1 artıq bizim həyatımızın bir tərzinə çevrilib”.

Daha sonra könüllülərin Formula1 tədbirlərindəki fəaliyyətlərində söz açan Nigar Arpadarai qeyd edib ki, siz bizim işimizin çox önəmli bir hissəsiniz. “Formula1 keçirilən ölkələrdə bu tədbirə gənclərin, könüllülərin cəlb edilməsi baxımından liderik və bu da Formula1-in əsas məqsədidir. Hər il Qran Pri başa çatdıqdan sonra Formula1 bəyəndikləri və bəyənmədikləri məqamları qeyd edirlər. İlk olaraq qeyd etdikləri nüans məhz bizim könüllülərimiz olub. Könüllülərin gördükləri işləri, profisionallıqlarını hər baxımdan çox-çox üstün qiymətləndiriblər. Bu çox önəmli bir məsələdir. Çünki siz ölkəmizə gələn hər bir xarici vətəndaşla görüşürsünüz. Ölkəmizin daha yaxşı tanıdılmasında, tədbirlərin yüksək səviyyədə keçirilməsində sizlərdən çox şey asılıdır”.

BBC Akademiyasının könüllüsü Emin Əsgərzadə öz açıqlamasında bildirib ki, Formula1 yarışlarında könüllülük fəaliyyətinin artıq dördüncü ilidir. “BCC Akademiya mənim ikinci ailəmdir. Formula1 mənə çox şeylər qazandırıb. Dil bacarıqlarımı inkişaf etdirdim, yeni dostlar qazandım. Formula1 müxtəlif dəyərlərin, müxtəlif insanların qovuşduğu bir yerdir. Ölkəmizə gələn xarici qonaqlarla ünsiyyət quraraq ölkəmiz haqqında məlumatlar veririk və təbii ki, biz də onlardan ölkələri haqqında bir çox məlumatlar öyrənirik. Formula1-in bizə qazandırdığı hər şey əvəzolunmazdır. Cənab Prezidentin 2020-ci ili “Könüllülər ili” elan etməsi bizi çox sevindirdi. Düşünün ki, bu bizim ilimizdir və bütün diqqətlər hətta cənab Prezidentin də diqqəti, qayğısı bizim üzərimizdədir. Bu isə bizə daha çox öz üzərimizdə çalışmağa və fəaliyyətlərimizi daha da genişləndirməyə stimul verir”.

BBC Akademiyasının könüllüsü Sevinc Bağırova bildirib ki, artıq üç ildir ki, Formula1 yarışlarında aktiv könüllülük fəaliyyəti göstərirəm. “Mən cənab Prezident İlham Əliyevə bu ili “Könüllülər ili” elan etdiyi üçün çox təşəkkür etmək istəyirəm. Bu bizə göstərilən diqqət və qayğının bir nümunəsidir. Bizə hər zaman verilən bir məhşur sual var: Niyə könüllü fəaliyyət göstərirsən? Bildirmək istəyirəm ki, mən könüllü fəaliyyət göstərdiyim zamanlar öz fərdi inkişafımı təmin edirəm. Bir çox dostlar qazanmışam və bu o deməkdir ki, mən artıq ünsiyyət bacarığımı da inkişaf etdirmişəm. Gələn xarici qonaqlarla ünsiyyət zamanı biz həmçinin dil biliklərimizi də genişləndirmiş oluruq. Vaxtımı düzgün bölməyi, asudə vaxtlarımı necə dəyərləndirməyi məhz burada öyrənmişəm. Bizə keçirilən seminarların, təlimlərin də bizim inkişafımıza çox böyük köməklikləri olur. Bildirmək istəyirəm ki, bizə xaricdən gələn qonaqları biz nə qədər yaxşı qarşılasaq onlar bizdən bir o qədər razı qalacaq və ölkəmizə yenidən səfər edəcəklər. Biz Formula1-in ölkəmizin tanıdılmasına, iqtisadiyyatına, turizminə böyük faydaları olduğunu bilirik və könüllülər olaraq bu tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni edirik və edəcəyik”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə