Qarabağ Fondu Vaşinqtonda “Azərbaycan Ritmləri” adlı konsert təşkil edib

Qarabağ Fondu Vaşinqtonda “Azərbaycan Ritmləri” adlı konsert təşkil edib
Qarabağ Fondu Azərcell şirkətinin baş sponsorluğu ilə Vaşinqtonun nüfuzlu və tarixi konsert zalı sayılan Linkoln Teatrında "Azərbaycan Ritmləri" adlı konsert təşkil edib. Qarabağ Fondundan SİA-ya verilən xəbərə görə, konsertdə xüsusi olaraq bu tədbir üçün Azərbaycandan getmiş Natiq Ritm Qrupu, Rast Qrupu, Emil Əfrasiyab çıxış ediblər. Konsertin açılış mərasimində çıxış edən Qarabağ Fondunun direktoru Diana Kohen Altman Novruz Bayramı munasibəti ilə bütün azərbaycanlıları təbrik edib, fondun həyata keçirdiyi proqramlar və qarşıdan gələn tədbirlər haqqında məlumat verib. Daha sonra bu konsertin baş sponsoru olan Azərcell Şirkətinin İctimaiyyət ilə əlaqələr şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə çıxış edərək şirkətin sponsorluq etdiyi sosial və mədəni layihələr haqqında məlumat verib. Ü.Həsənzadə bu konsertin ABŞ və Azərbaycan arasında mədəni əlaqələrin güclənməsinə, Azərbaycan mədəniyyətinin ABŞ-da tanıdılmasına böyük töhfə olduğunu qeyd edib. Fondun idarə heyətinin üzvü Adil Bağırov isə bu tədbirə sponsorluq etdiyi üçün Azərcell Şirkətinin rəhbərliyinə, Qarabağ Fonduna köməklik göstərən könüllülərə, Azərbaycandan məhz bu tədbirdə iştirak etmək üçün gəlmiş millət vəkillərinə öz təşəkkürünü bildirib.

800 nəfər tamaşaçının iştirakı ilə iki saata yaxın davam edən möhtəşəm konsertin birinci hissəsində Natiq Ritm qrupu çıxış edərək qədim Azərbaycan musiqi alətlərində milli musiqiləri ifa edərək amerikalıları heyran edib. Fasilədən sonra konsertin ikinci hissəsində çıxış edən Rəşad Haşımovun Rast Qrupu və Emil Əfrasiyabın çıxışı amerikalılara Azərbaycan musiqisi ilə cazın mükəmməl sintezinin tanıtdırıb. Konsert zamanı tamaşaçıların musiqiçiləri altı dəfə ayağa qalxalaraq alqışlaması və konsertdən sonra böyük məmnunluq hissi ilə təşkilatçılara və musiqiçilərə təşəkkür etmələri deməyə əsas verir ki, Azərcell şirkətinin baş sponsorluğu ilə Qarabağ Fondunun təşkil etdiyi bu konsert uğurla baş tutub. Qeyd olunmalıdır ki, bu konsert son bir neçə ildə Azərbaycan mədəniyyətinin tanıdılması üçün ABŞ-da təşkil olunmuş ən böyük tədbirlərdən biri idi.

Bütün xəbərlər Facebook səhifəmizdə