Erməni xalqı Paşinyandan niyə narazıdır? - TƏHLİL

Erməni xalqı Paşinyandan niyə narazıdır? - TƏHLİL

Nikol Paşinyan siyasi şüurunun cahilliyinin qurbanına çevriləcək

2019-cu il də Ermənistan üçün uğursuzluqla sona çatdı. Erməni ekspertlərinin sözlərinə görə, 2020-ci il ötən illərdən də gərgin olacaq. Belə ki, Nikol Paşinyanın komandasının hakimiyyətə gəlməsi ilə erməni cəmiyyəti Nikolun apardığı siyasətin uğursuz olduğunu göstərir. Yeni hakimiyyət də əvvəlkilər kimi reallığı ört-basdır etməklə, hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərir. Bu, həm daxili sosial-iqtisadi vəziyyətin ağır olaraq qalmasında, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həllində özünü göstərir. Ermənistan rəhbərliyi ənənəvi absurd mövqeyi ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münaqişənin danışıqlar yolu ilə həllini mürəkkəbləşdirməkdə davam edir. Buna beynəlxalq ictimaiyyətin reaksiyası getdikcə artır. Bir sıra ekspertlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolun olmadığını açıq vurğulayırlar. Ancaq əsas məsələ odur ki, bu sadə həqiqəti dərk etməyə erməni siyasi şüuru qabil deyil. Məhz Paşinyanın belə bir siyasi şura malik olmadığı üçün ictimaiyyət hələ çox əzablar çəkəcək.

Paşinyanın Qarabağ siyasətindən ictimai narazılıqlar artır

Çünki Nikol Paşinyan və komanadasında yer alanlar məsələyə münasibətdə hələ də sərsəm və beynəlxalq hüquqa zidd bir yanaşma sərgiləməkdə davam edirlər. Xatırladaq ki, belə yanaşma indi Ermənistanın özündə də ciddi tənqid hədəfinə çevrilib. Hətta bu günlərdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da Avropa Demokratik Partiyasının qurultayı zamanı bəyan edib ki, münaqişənin indiki danışıqlar mərhələsi narahatlıqlar doğurur: "ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərinin beynəlxalq ictimaiyyətin qeyd-şərtsiz dəstəyini alması çox vacibdir".

Erməni ekspert Armine Adibekyanın sözlərinə görə, Sarksiyanın narahatlığı daha çox Ermənistanın indiki hakimiyyətinin fəaliyyətindən doğur. O bildirir ki, məhz bu fəaliyyət nəticəsində hazırda vəziyyət dəyişib, ancaq hansı istiqamətə dəyişdiyi qeyri-müəyyəndir: "Ermənistan hakimiyyəti bu prosesin hara getdiyini yaxşı başa düşmür. Sarkisyan hazırkı hakimiyyətə danışıqlar prosesinin aparılmalı olduğunu göstərib. Heç bir halda səhv addımlarla hərbi əməliyyatların başlamasına sürükləməməyi tövsiyə etməyə çalışıb. Amma Paşinyanın fəaliyyəti hərbi əməliyyatların yenidən başlanma ehtimalını yüksəldir".

Adibekyan bildirib ki, bunun əsas səbəblərindən biri hazırda erməni hakimiyyətinin Qarabağ məsələsindəki mövqeyinin nədən ibarət olduğunun aydın olmaması ilə bağlıdır: "Məndə elə təəssürat var ki, Ermənistanın birinci şəxsi bu mövzunu çiynindən atmaq və onu xalqın, Qarabağ rejiminin çiyinlərinə qoymaq istəyir. Bu yanaşmalardan aydın görünür ki, Qarabağ məsələsinin hərbi həll ehtimalı, əslində, Ermənistanda ciddi qorxu ilə qarşılanır. Hadisələr bu səpkidə inkişaf edəcəyi təqdirdə də, əsas günahkar qismində Ermənistan hakimyyəti göstərilir. Çünki məhz onun absurd mövqeyi üzündən danışıqlar prosesi dalana dirənmiş vəziyyətə düşüb. Ekspertlər bildirirlər ki, Azərbaycanın hərbi potensialı ilə Ermənistanın hərbi potensialı müqayisə belə edilə bilməz. Azərbaycan Ordusu indi ən müasir silahlarla təchiz edilib. Bu durumda sülh danışıqları sona qədər getməsə, Azərbaycan Ordusu Ermənistana lazım olan cavabı verəcək. Ermənistanın isə ordu və digər sahələrdə ciddi problemləri getdikcə daha dəhşətli vəziyyət almağa başlayır. Məhz belə vəziyyətdə mümkün savaş Ermənistanı çökdürməkdən başqa heç nəyə xidmət etməyəcək.

Aleksandr Xramçixin: "Azərbaycan üçün burada bir məqsəd var - Qarabağı geri qaytarmaq"

Bunu rusiyalı hərbi ekspert Aleksandr Xramçixin də, xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, Azərbaycan, savaşı istsina etmədiyindən, bu istiqamətdə intensiv hazırlıqlar görüb: "Azərbaycan üçün burada bir məqsəd var - Qarabağı geri qaytarmaq. Bu fonda Azərbaycan daha çox silah alır və daha da güclənir. Təbiidir ki, danışıqlar nəticə verməsə, bu silah Ermənistan ordusuna qarşı tətbiq ediləcək. Bu regionda Ermənistan Azərbaycanın düşmənidir və səbəb də işğal faktorudur".

Digər ekspertlər də bildirirlər ki, danışıqların dalana dirənməsi fonunda Azərbaycan yenidən hərbi əməliyyatlara başlayarsa, aprel döyüşlərində və Günnüt əməliyyatlarında olduğu kimi, Ermənistan növbəti dəfə Silahlı Qüvvələrimizin sərt zərbəsinə tuş gələcək. Digər tərəfdən, düşmən onu da unutmur ki, döyüş hazırlığına görə Silahlı Qüvvələrimiz dünyanın 50 ən aparıcı ordusu sırasında qərarlaşıb. Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnika ilə təmini istiqamətində də indinin özündə zəruri addımlar atılır. Bu fonda, davamlı olaraq, güclənən və regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan Ordusu düşməndə böyük vahimə yaradır. Bu isə, o deməkdir ki, ordumuz istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. Qeyd edilənlər fonunda son illər ərzində, Azərbaycan Ordusunda keçirilən irimiqyaslı təlimlər, getdikcə daha çox diqqət çəkir. Eləcə də, belə təlimlər ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığını göstərir. Elə düşməni narahat edən başlıca məqamlardan biri də, məhz budur. Və Ermənistanla aparılan danışıqlar ölkəmiz üçün istənilən şərtlərlə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın güc yolu ilə istəyinə çatmasına lazımi imkanlar yaradır. Bunu, Paşinyan hakimiyyətindən frəqli olaraq, Ermənistanda aydın şəkildə sezənlərin sayı az deyil. Elə buna görə də, Paşinyanın Qarabağ siyasəti Ermənistanın özündə narazılıqla qarşılanır.

Beləliklə, yaranmış vəziyyət Qarabağ məsələsində tezliklə müəyyən yeniliklərin olacağını istsina etmir. Azərbaycan ya hərb, ya da sülh yolu ilə məsələnin həllində, artıq irəliləyişlərin olmasında israrlıdır.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə