Astaranın Sərək kəndində əhali ilə görüş

Astaranın Sərək kəndində əhali ilə görüş

Astara Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Sərək kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə rayonun idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.

Sakinlər rayonda və yaşadıqları Sərək kəndində görülən tikinti-quruculuq və abadlıq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, maaş, müavinət və pensiyaların artırılmasının onların güzəranına müsbət təsirindən razılıqla danışıblar. Qeyd olunub ki, kəndin yolları asfaltlaşdırılıb, fasiləsiz olaraq qaz və işıq verilişi təmin olunub, əhali vaxtında əmək haqları və pensiyalarını almaqla, rahat yaşayışları üçün lazım olan hər cür şərait yaradılıb.

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinləri salamlayaraq bildirib ki, ötən görüşlərdə təkliflərinizdən sonra cari təmir edilmiş kənd klubunda ilk qəbul-görüşümüzdür. Yeni təkliflərin olmaması kənddə problemlərin həllini tapması deməkdir. Son illər yollar asfaltlaşdırılıb, əhali dayanıqlı olaraq təbii qaz və elektrik enerjisi ilə təmin olunur. Razılığınıza əsasən sizə məxsus pay torpaqlarında salınmış çay plantasiyaları və sitrus bağlarında xeyli insan çalışaraq evlərinə gündəlik çörək pulu aparır.

Rayonumuzun digər yaşayış məntəqələrində də son illər böyük işlər görülüb. Ən ucqar kəndlərimizə asfalt yollar çəkilib. İllərlə əhalinin böyük əziyyətlə getdiyi yolları hazırda ilin bütün fəsillərində rahat və təhlükəsiz getmək mümkündür.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası uğurla davam edir. Bakı-Astara avtomobil yolunun istifadəyə verilməsi, Astara şəhərinə içməli su xəttinin çəkilməsi, elektrik xətt təsərrüfatının yenilənməsi və tələbata uyğun qurulması, qazlaşmanın 85 %-ə çatdırılması, yeni məktəb, xəstəxana binalarının tikilməsi ölkəmizin uğurlu iqtisadi nailiyyətlərinin nəticəsidir. Hazırda mövcud olduğu tarixi ərzində heç vaxt işığı və yolu olmayan Dolu, Diqo, Avyarud və Sibiyyət kəndlərinə həm elektrik xətti çəkilir, həm də yol salınır. Bu yolların çəkilməsi ilə sakinlərin ən böyük problemi həllini tapır, insanlar rahatlığa qovuşur. Bu vaxta qədər yolun olmaması üzündən heç rayonumuzun sakinləri gözəl, mənzərəli dağ kəndlərimizə gedə bilmirdilər. Ucqar kəndlərdə görülən belə böyük işlər ölkənin yüksək iqtisadi gücünü göstərir.

Sonda İcra başçısı digər məsələlərə də münasibət bildirib. Biz daim fəal olmalı, real vəziyyəti düzgün qiymətləndirməli, cənab Prezidentin ətrafında sıx birləşərək ölkədə bərqərar olan əmin-amanlığı, sabitliyi göz bəbəyi kimi qorumalıyıq.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə