Könüllülük əvəzi ödənilməyən ictimai, faydalı fəaliyyətdir SORĞU-FOTOLAR
Bildiyiniz kimi Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan olunub. SİA bu münasibətlə müxtəlif dövlət qurumlarında könüllülük fəaliyyəti ilə məşğul olan gənclər arasında sorğu keçirib.

1 saylı Bakı ASAN xidmət mərkəzi könüllüləri üzrə məsul şəxsi Şükür Məmmədov deyib ki, Cənab Prezident İlham Əliyev tərəfindən 2020-ci il “Könüllülər ili” elan olunması ASAN könüllüsü olmuş bir gənc üçün çox sevindirici bir xəbər oldu. "ASAN könüllüsü olmaq dəyərdir. Könüllülük sevgi ilə göstərilən xidmətdir. Könüllü olduğumuz zaman biz ASAN xidmət mərkəzlərində Dövlət xidmətlərinin öyrənilməsi və xidmət sahəsində təcrübə keçmişik. Könüllülük fəaliyyəti müddətində könüllülər vətəndaş axının idarə olunmasında, vətəndaş məmnunluğunun təmin olunmasında, ASAN xidmət mərkəzinin daha operativ şəkildə fəaliyyət göstərməsinə yardımçı olurlar. Qeyd etmək istərdim ki, həmçinin ASAN Könüllüləri Təşkilatı indiyədək 550-dən çox layihə, 2500-dən çox təlim keçirib. 2013-cü ildən ASAN xidmət mərkəzində könüllü fəaliyyətə başlasam da artıq 1 saylı Bakı ASAN xidmət mərkəzində ASAN kadr kimi könüllülər üzrə məsul şəxs vəzifəsində fəaliyyət göstərirəm".

YAP Sumqayıt şəhəri Gənclər Birliyinin sədri Fəridə Qafarova deyib ki, 2020-ci ilin “Könüllülər ili” elan olunması cənab Prezidentin gənclərə olan qayğısının nəticəsidir. “Bu da öz növbəsində həm bizim kimi könüllülərlə çalışan təşkilatlar, həm də bütün könüllülər üçün ürəkaçan olub. Mən də öz kariera fəaliyyətimə könüllükdən başlamışam. Bildiyiniz kimi könüllülük əvəzi ödənilməyən ictimai, faydalı fəaliyyətdir. Könüllü işlədiyim zamanlar mənə hər zaman niyə məvacib almadan işlədiyim sualı ünvanlanıb. Demək istəyirəm ki, könüllülük fəaliyyəti mənim uğurlarımın əsasını təşkil edib. Artıq könüllük fəaliyyəti son illərdə daha da çox yayılıb və rəqabət artıb. Bu isə onu göstərir ki, gənclər cəmiyyətə inteqrasiyasını, gələcək karierasının başlanğıcını məhz könüllülük yolunun keçilməsində görür”.

YAP Gənclər Birliyinin könüllüsü Rza Abbasov deyib ki, mən könüllülük fəaliyyətinə başlamazdan öncə insanlarla ünsiyyət qurmağa çətinlik çəkirdim. “Eyni zamanda ümumi şöbələrdə sənədləşmə proseslərinin aparılması, bir sıra rəsmi prosedurları, İKT sahəsində yeni proqramlar və s.bir sıra mənim üçün yeni məlumatları və bilikləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sıralarında könüllülük fəaliyyətinə başladıqdan sonra öyrəndim. Zamanla istər Azərbaycandan, istərsə də dünyanın müxtəlif ölkələrindən Azərbaycana səyahət edən insanlarla dostluq münasibətləri qurdum. Düşünürəm ki, könüllülük fəaliyyətim zamanı qazandığım təcrübələr gələcək karieramda və həyatımda bir çox müsbət addımlar atmağımda köməyimə çatacaq”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin könüllüsü Anar Vəlizadə deyib ki, dəmir yolu nəqliyyatı hələ uşaqlıq çağlarımdan mənim maraq dairəmdə olan istehsalat sahələrindən olub. “Azərbaycan Dəmir Yolları QSC-nin təcrübəçisi olmaq qürurvericidir. Burada qatarların hərəkəti, dəmiryolçuların məsuliyyətli əmək şəraiti mənə olduqca mürəkkəb görünüb. Təcrübəçi bir gənc kimi buradakı proseslərin içərisinə daxil olanda, qarşımda tamamilə fərqli həyat tərzi canlandı. Dəmiryolçular məsuliyyətli və işgüzar olduqları qədər də sözün əsl mənasında dəmir intizama və iradəyə malik adamlardır. Fikrim bu maraqlı sahədə qalıb işləmək və dəmir iradəli insanların sırasında öz gələcək həyat yolumu seçməkdir”.
.jpg)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin könüllüsü olmuş Qumru Orucova deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 2 ay müddətində “Könüllü fəaliyyət” layihəsinin iştirakçısı kimi Dövlət Komitəsinin gündəlik iş prosesində, tədbirlərin və konfransların təşkilində yaxından iştirak etdim və təcrübi biliklərə yiyələndim. “Bu fəaliyyətin gələcək iş həyatıma önəmli və effektiv təsir edəcəyinə əminəm. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Son illərdə ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1” və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olunur. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşıb. Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncamı gənclər siyasətinin tərkib hissəsidir, bu şübhəsiz ki, gənclərə diqqətin daha da artmasına mühüm töhfə olacaq. Dövlətimizin başçısının uzaqgörən addımı bütün gənclər kimi məni də çox sevindirdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB