Əlilliyin müəyyən olunma meyarları dəyişdi

Əlilliyin müəyyən olunma meyarları dəyişdi

Azərbaycanda əlilliyin müəyyən olunması üzrə bu gündən etibarən yeni meyarlar qüvvəyə minib. SİA xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi "Əlilliyin müəyyən olunması meyarları"na dair Əsasnamədə bu barədə məlumat öz əksini tapıb.

Beynəlxalq Səhiyyə Təşkilatının XBT əsasında xəstəliklərin bölgüsünün aparılması, insan orqanizminin funksiyalarının sabit pozuntularının geniş və təfsilatlı təsvirinin verilməsi, insan orqanizminin funksiyalarının sabit pozuntularının 10-100% diapazonunda qiymətləndirilməsi və bundan irəli gələrək FBT əsasında özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə, əmək fəaliyyəti bacarıqları kmi insanın həyat fəaliyyətinin yeddi əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə əlilliyin müəyyən olunmasına dair meyarları əsasnəmə özündə ehtiva edir.
Xatırladaq ki, bu vaxta qədər, yəni, 1 yanvar 2020-ci ilə qədər əsas götürülən meyarlara əsasən əlilliyi olan şəxslərə l, ll və lll dərəcə təyin olunub və l dərəcəyə aid olan vəziyyəti ağır, kənar şəxsin qulluğuna ehtiyacı olan xəstələrlə, kənar şəxsin daimi qulluğundan tam asılı olan xəstələr arasında heç bir fərq qoyulmayıb. Lakin bu gündən qüvvəyə minən yeni meyarlar xəstəliyin ağırlığını, gedişatın formasını, prosesin aktivliyini, kəskinləşmələrin tezliyini, patoloji prosesin baş verdiyi orqanların əhatə dairəsini daha obyektiv qiymətləndirməyə imkan verəcək. Meyarlar həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcəsi nəzərə alınaraq daha obyektiv qiymətləndirmə aparmağa imkan yaradacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə